image-reklam-veteninfo
image-1backend

Hindistan Rusiya neftindən imtina edir — Reuters

image-reklam-veteninfo

Hindistan Rusiya neftindən imtina etməyə başlayıb. Reuters-in məlumatına görə, ölkənin iki böyük neft emalı zavodu artıq Rusiyadan deyil, digər mənbələrdən 4 milyon barrel xam neft sifariş edib.

ABŞ və Hindistan arasında keçirilən ticarət danışıqları nəticəsində Hindistanın Rusiya neftinin idxalını 50 faiz azaltdığı bildirilir. Bu barədə Reuters-ə Ağ Evin nümayəndəsi məlumat verib.

Hazırda idxaldakı azalma statistik rəqəmlərdə tam əksini tapmasa da, mənbələr bildirirlər ki, bu dəyişiklik dekabr-yanvar aylarının tədarük göstəricilərində özünü göstərəcək. Artıq noyabr ayı üçün yeni tədarüklər sifariş olunub. Onların bir qismi ilin sonuna və ya gələn ilin əvvəlində Hindistana çatacaq.

Reuters-in məlumatına görə, Indian Oil Corp və Hindustan Petroleum Corp adlı iki neft emalı şirkəti Amerikanın Exxon Mobil şirkətindən Guyana mənşəli 4 milyon barrel neft alıb. Bu, adıçəkilən müəssisələrin Guyana nefti ilə ilk əməkdaşlığıdır.

Bildirilib ki, Indian Oil Corp dekabr və ya yanvar ayında çatdırılması planlaşdırılan “Golden Arrowhead” markalı 2 milyon barrel neft alıb. Hindustan Petroleum Corp isə “Liza” və “Unity Gold” yataqlarından hasil olunan 2 milyon barrel neftin alqısını həyata keçirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra Hindistan və Çin Rusiya neftinin əsas alıcılarına çevrilmişdi. Lakin ABŞ-ın potensial ikinci dərəcəli sanksiyalar tətbiq etməsi fonunda Hindistan artıq yay aylarında Rusiyadan alınan nefti alternativ mənbələrlə əvəzləməyə hazır olduğunu bildirmişdi.

Bununla belə, Vaşinqton və Yeni Dehli arasında yaşanan gərginliklər, o cümlədən Tramp və Hindistanın baş naziri Narendra Modi arasında qeyri-rəsmi narazılıqlar bu prosesin ləngiməsinə səbəb olmuşdu. İndi isə danışıqların yenidən başlaması fonunda Hindistanın bəzi zavodları Rusiya neftindən imtina etməyə hazırlaşır.

ABŞ prezidenti Donald Tramp oktyabrın 15-də verdiyi açıqlamada Hindistanın Rusiya neftindən imtina etməyə razı olduğunu və bu istiqamətdə konkret addımların atıldığını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki