İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri ABŞ hərbi qüvvələrinin Fars körfəzini tərk etdiyini və Hörmüz boğazından 600-700 kilometr uzaqlaşdığını iddia edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Mehr agentliyi İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı Özmeyə istinadən məlumat yayıb.
Özmey bildirib ki, hazırda ABŞ qüvvələri Fars körfəzində deyil və onların gəmiləri artıq həmin ərazidə görünmür.
“Bu gün amerikalılar Fars körfəzində deyillər. Onlar Hörmüz boğazından 600-700 kilometr uzaqlaşıblar və gəmiləri artıq həmin ərazidə görünmür”, – deyə o qeyd edib.
İİKK-nın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-ın Hörmüz boğazında artıq mövqeyinin olmadığını da iddia edib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranı aralıq seçkilər ərəfəsində neft qiymətlərini artırmağa çalışmaqda ittiham etməsindən bir neçə saat sonra səsləndirilib.
Tramp Tehranı Hörmüz boğazında mina partlayışları və gəmilərə hücumlarla bağlı “saxta xəbərlər” yaymaqda ittiham edib.


























