“Ermənistan sülh danışıqlarından yayınmaqla regionda vəziyyətin gərginləşməsinə səbəb olur.Görünən odur ki, Ermənistan sülh danışıqlarından qaçmaqla bu müqaviləni imzalamaq istəmir”.
Bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı deyib.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan sülh müqaviləsi imzalanana qədər müvafiq tədbirləri görür: “Artıq Laçında sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb. Bu separatçıların bölgəyə girişini, silah-sursat daşınmasını məhdudlaşdıracaq. Ermənistan sülhə hazır deyil, sülhün necə olduğunu bilmir. Ermənistanın daxilində də təzyiq getdikcə artır. Bütün dünyanı hazır olduqlarına inandırmağa çalışırlar, lakin qorxurlar. Hazırda onları Qarabağ maraqlandırmır. Göründüyü kimi, ABŞ, Fransa, Rusiyada yerləşmiş erməni lobbisi aqressivdir, müharibənin dayanmasını istəmirlər”.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-da səfərdədirlər.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.” -deyə Arzuman Muradlı bildirib.