image-photo_200545backend

İnsanlar Bakının mərkəzinə niyə piyada gəlir? – Ekspert: “Formula 1 təşkilatçıları özbaşınalıqla məşğuldur”

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, 24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaqdı. Səbəb isə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsidir. Lakin dünəndən – aprelin 17-dən yollarda hərəkət artıq məhdudlaşdırılıb. Xüsusilə də “Azneft” istiqamətində yolun bağlanması Bayıl, “20-ci sahə”, Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə gələn insanların işini çətinləşdirib. Avtomobillər saatlarla tıxacda qalıb, piyadaların daşınması üçün avtobuslar işləməyib və nəticədə Su İdmanı Sarayının qarşısından “İçərişəhər” metrosuna qədər insanlar piyada getməli olublar. Bu da insanların işə, dərsə, bir sözlə mənzil başına gec çatmasına səbəb olub. Hətta bir çox insanlar işə, dərsə gedə bilməyərək evə dönməli olublar.

Eyni mənzərə bu gün – aprelin 18-də də baş verib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, həqiqətən də, dünən Bakıda çox biabırçı bir mənzərə yaşanıb.

Onun sözlərinə görə, buna səbəb Bakı Şəhər Halqası, yəni Formula 1 yarışının təşkilatçıları Bakıda konkret olaraq özbaşınalıqla məşğuldurlar.

“Nə Bakı Nəqliyyat Agentliyini, nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini, nə də Dövlət Yol Polisini sayırlar. Yol polisi və digər qurumlar bəzən yolla bağlı başqa məlumatlar yayır ki, filan tarixdə yol bağlanacaq və yaxud da istiqamət dəyişdiriləcək. Sabah baxıb görürsüz ki, tamam başqa bir iş ortaya çıxıb. Bunu da kim edir? Bakı Şəhər Halqası. Şəhərdə aləm bir-birinə dəyəndən sonra yol polisi xəbər tutur ki, filan yerdə belə bir problem var və yaxud da digər qurumlar ona uyğun hərəkət etməli olurlar. Məsələn, Bakı Nəqliyyat Agentliyi deyək ki, yol təmir etməli idi, avtobus marşrutunu dəyişməlidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi başqa bir iş planlaşdırmışdısa, onu təxirə salmalı olur. Çünki Bakı Şəhər Halqası konkret özbaşınalıqla məşğuldur. Bilmirəm orda idarəetməni kim aparır, necə aparır və niyə bu formada aparır? Buna təəssüf edirəm. Bu gün mən yol polisi ilə də bu məsələni müzakirə etdim, danışdım. Həqiqətən də məlum oldu ki, bu özbaşınalıqlar baş verir, müzakirə etmədən özbaşına qərarlar qəbul edirlər. Əvvəlcədən məlumatı düzgün vermirlər”.

Ekspertin sözlərinə görə, Azneft meydanını hər il kalçuklarla, plastik maneələrlə bağlayırdılarsa, bu il gətirib ora beton piltələr qoyublar:

“Yəni deyək ki, hərəkətin pik vaxtı və yaxud da digər saatlarda yol polisi o plastik maneələri kənara çəkib nəqliyyat vasitələrinin daha intensiv hərəkətini təmin edə bilirdi. İndi gətirib beton piltələri yıxıblar ora, heç cür hərəkəti təmin etmək mümkün deyil. Yəni bu cür özbaşınalıqlar olmamalıdır. Ona görə bu insanlar Formula 1 yarışının Bakıda keçirilməsindən beziblər. Hamı nifrət edir ki, bu yarış, ümumiyyətlə, artıq Bakıda olmasın. Bu baxımdan düşünürəm ki, bu təşkilat komitəsi ilə ciddi danışmaq lazımdır. Onlara xəbərdarlıq olunmalıdır ki, özbaşınalıqlara son qoysunlar. Yəni bu formada hərəkət baş verməməlidir. Əvvəlcədən məlumat verirlər ki, ayın 24-ü yol bağlanacaq. Dünəndən şəhər iflic vəziyyətindədir. Uşaqlar məktəbə gedib çata bilməyib. Nə qədər adam işə gecikib, heç işə gedə bilməyənlər olub, evlərinə qayıdıblar. 3 saat yolda qalanlar olub. 8-in yarısı evindən çıxan adam saat 11-də bir də evinə qayıdıb, işə gedə bilməyib. İndi sosial şəbəkələrdə vəziyyəti görürük və bu da yol polisinin günahı deyil. Bakı Nəqliyyat Agentliyinin günahı deyil, birbaşa Bakı Şəhər Halqasının, Formula 1 təşkilatçılarının günahıdır. Bu, onların məsuliyyətsizliyi, özbaşınalığıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki