“İndi bunun qarşısı alınıb, çünki bəli, ciddi ziyan dəyib. Eyni zamanda, aydındır ki, biz zənginləşmədən imtina edə bilmərik, çünki bu, alimlərimizin nailiyyətidir. Üstəlik, bu, milli qürur məsələsidir. Zənginləşmə bizə çox baha başa gəlir”, – deyə Əraqçı bildirib.
Nazir əlavə edib ki, İranın Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.
Bundan əvvəl bir sıra Amerika KİV-ləri Amerikanın zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəymədiyini və Tehranın cəmi bir neçə ay ərzində nüvə proqramını bərpa edə biləcəyini yazmışdı.
ABŞ prezidenti Donald Tramp dəfələrlə bu şayiələri təkzib edərək, iyunun 22-nə keçən gecə hücuma məruz qalan İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin tamamilə məhv edildiyini bildirib. Bundan əlavə, Ağ Ev əmin edib ki, Vaşinqtonda mövcud olan məlumata görə, İran bu komplekslərdən nüvə materiallarını əvvəlcədən çıxara bilməyib.