İranın tranzit məsələləri üzrə ekspert Məhəmməd Mehdi Kərimi bildirib ki, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini aktivləşdirməyə yönəlmiş səyləri fonunda İran öz “qırmızı xətlərinə” sadiq qalaraq Avropa və Rusiyaya alternativ tranzit marşrutlarını aktivləşdirməlidir.
O, deyib ki, Zəngəzur dəhlizi İranın Ermənistanla quru əlaqəsini kəsə bilər. Bu dəhliz eyni zamanda Azərbaycanın strateji marşrutlar və enerji bazarında mövqeyini gücləndirir, Türkiyənin isə Çin–Avropa marşrutundakı rolunu artırır.
İran hazırda bağlı olan Suriya marşrutundan yan keçərək iki alternativi nəzərdən keçirir: Əmirabad limanı layihəsi və Ermənistan–Gürcüstan marşrutu. Kərimi İranın Gürcüstanla nəqliyyatda ortaq maraqlarını gücləndirməyin və Fars körfəzi–Qara dəniz dəhlizini canlandırmağın zəruriliyini vurğulayıb.
Ekspertə görə, bu alternativlər bölgədə Türkiyə və Azərbaycanın təsirinin qarşısını almağa yardım edə bilər.