İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində təqaüddə olan keçmiş polis polkovniki Əli Səyyadi silahlı hücum nəticəsində öldürülüb.
Vətəninfo.az xəbər verir ki, “Halvəş” Teleqram kanalının məlumatına görə, hadisə ötən gün baş verib.
Məlumata əsasən, Əli Səyyadi iki nəfərlə birlikdə evinin qarşısında oturarkən əraziyə “Peugeot” markalı avtomobil yaxınlaşıb. Avtomobildə olan silahlılar əvvəlcə polkovnikin yanındakı şəxslərdən ərazini tərk etmələrini tələb ediblər.
Həmin şəxslər uzaqlaşdıqdan sonra silahlılar Əli Səyyadiyə atəş açıblar. O, aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.
Hücum edən şəxslərin kimliyi və hadisənin motivi hələlik məlum deyil. Heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.


























