Fələstin tədqiqat institutlarından birinin məlumatına görə, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki 63 Fələstin arxeoloji sahəni “İsrail irsi əraziləri” elan edib. Bu hərəkətin beynəlxalq hüququn və beynəlxalq öhdəliklərin açıq şəkildə pozulması olduğu vurğulanıb.
Həmin qərar Qüds Tətbiqi Araşdırmalar İnstitutu (ARIJ) tərəfindən hazırlanan və Türkiyənin “Anadolu” xəbər agentliyinin tədqiq edilən “Nablus Qubernatorluğunda Arxeoloji Sahələr: İsrailin Müsadirə Planları üçün Açıq Zəmin” başlıqlı hesabatda yer alıb.
Xəbərdə İsrail ordusunun Mülki Administrasiyasının rəhbəri briqada generalı Moti Almoz tərəfindən imzalanmış hərbi əmrlərin yer aldığı kitabçaya istinad edilib. Kitabçaya görə, işğal altındakı İordan çayının qərb sahilindəki 63 sahə “İsrail tarixi və arxeoloji obyektləri” kimi təsnif edilib.
Bu 63 sahədən 59-nun Nablus qubernatorluğunda, üçünün Ramallah əyalətində, birinin isə Salfit əyalətində yerləşdiyi qeyd edilən hesabatda vurğulanıb ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Fələstin arxeoloji abidələrini hədəfə alması “sadəcə inzibati və ya hüquqi rəsmiyyət deyil, həm də sistematik siyasətin bir hissəsidir”.
Həmçinin bu addımın “İsrail hekayəsinə xidmət etmək üçün Fələstin irsinin kimliyini yenidən formalaşdırmaq səylərinin bir hissəsi olduğu və hədəf alınan ərazilərin əksəriyyətinin İsrailin qeyri-qanuni yaşayış yerləri, yaşayış məntəqələri və ya Nablus qubernatorluğu da daxil olmaqla digər müstəmləkə ərazilərinin yaxınlığında yerləşdiyi” ifadə edilib.
Hesabatda vurğulanıb ki, Fələstinin arxeoloji və tarixi yerlərinin “İsrail” olaraq təsnif edilməsi beynəlxalq hüququn açıq şəkildə, beynəlxalq öhdəliklərin ciddi şəkildə pozulması və Fələstinin milli kimliyinə birbaşa təhdiddir”
Yaşayış məntəqələri üçün müsadirə edilir
ARIJ bəyan edib ki, İsrailin işğalçı səlahiyyətliləri işğal altındakı İordan çayının qərb sahilindəki 2400-dən çox Fələstin arxeoloji obyektini İsrail əraziləri kimi təsnif edib. Qeyd olunub ki, İsrail səlahiyyətliləri bəzi əraziləri “qorunma və mühafizəyə” ehtiyacı olduğunu elan ediblər, lakin praktikada “bu sahələrdən irsin qorunması bəhanəsi ilə Fələstin torpaqlarının böyük hissəsini ələ keçirmək üçün istifadə olunur”.
ARIJ əlavə edib ki, bu sahələrin çoxu daha sonra İsrailin məskunlaşma məntəqələri, yaşayış məntəqələri və hərbi obyektlər, həmçinin yalnız israilli mühacirlər və ziyarətçilər tərəfindən istifadə edilən turizm və istirahət obyektləri kimi istifadə üçün müsadirə edilir.
Fələstinin hesabatlarına görə, 2024-cü ilin sonuna kimi, işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşanların sayı təxminən 770 minə çatıb. Bu məskunlaşanlar 180 yaşayış məntəqəsi və 256 yaşayış bölgəsi arasında bölüşdürülür ki, onlardan 138-i əkinçilik və heyvandarlıq məntəqələri kimi təsnif edilir.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bu yana İsrail qüvvələri və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşanlar tərəfindən ən azı 1014 fələstinli həlak olub, 7000-dən çox fələstinli yaralanıb.
Beynəlxalq Ədalət Məhkəməsi ötən iyul ayında verdiyi məsləhət rəyində İsrailin Fələstin ərazilərini işğalını qeyri-qanuni elan edib və İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bütün qeyri-qanuni yaşayış məntəqələrinin boşaldılmasını istəyib.