İsrail və bir sıra ərəb ölkələri İranın mümkün təhdidlərinə qarşı təhlükəsizlik əməkdaşlığını gücləndirmək və birgə cavab tədbirləri üzrə ssenarilər hazırlamaq istiqamətində addımlar atırlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin “Channel 14” telekanalı məlumat yayıb.
Məlumata görə, Yaxın Şərqdə artan gərginlik fonunda tərəflər müdafiə tədbirlərinin əlaqələndirilməsi və Tehrandan qaynaqlana biləcək təhlükələrə qarşı birgə fəaliyyət mexanizmlərinin yaradılması üzərində işləyirlər.
Bildirilir ki, çoxtərəfli təhlükəsizlik əməkdaşlığı Əbu-Dabidə 10 ölkənin iştirakı ilə keçirilən gizli sammitin davamıdır. Təşəbbüs çərçivəsində İsraillə rəsmi diplomatik münasibətləri olmayan bəzi dövlətlərlə də təhlükəsizlik əlaqələrinin qurulduğu iddia edilir.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Liviyadan olan nümayəndə heyətləri də bu prosesə qoşulub.
Qeyd edək ki, sözügedən məlumatlar İsrailin “Channel 14” telekanalına istinadən yayılıb. Tərəflərdən hələlik rəsmi təsdiq və ya açıqlama verilməyib.


























