image-reklam-veteninfo
image-1backend

“Kiçik əllər, böyük ümidlər” – Ləmanın mübarizəsinə dəstək üçün xeyriyyə aksiyası keçirildi (FOTO)

image-reklam-veteninfo

Bu gün SMA xəstəliyi ilə mübarizə aparan 11 yaşlı Ləman Səfərlinin müalicəsinə dəstək məqsədilə “Kiçik əllər, böyük ümidlər” adlı xeyriyyə aksiyası keçirilib.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi və “Kids Story” uşaq bağçasının birgə təşkilatçılığı ilə baş tutan aksiyanın əsas məqsədi Ləmanın müalicəsinə dəstək olmaq, cəmiyyətdə xeyriyyəçilik və həmrəylik dəyərlərini təşviq etmək, uşaqlara kiçik yaşlarından mərhəmət, paylaşmaq və sosial məsuliyyət hissini aşılamaq olub.

Aksiyanın əsasını bağça uşaqlarının müəllimləri ilə birlikdə sevgi və zəhmətlə hazırladıqları əl işlərinin xeyriyyə məqsədilə satışa çıxarılması təşkil edib. Beləliklə, balacaların yaradıcılıq nümunələri yalnız bir sərgi və satış məhsulu deyil, həm də həmyaşıdlarına uzatdıqları yardım əlinə, böyük bir ümidə çevrilib. Toplanan vəsait Ləmanın müalicəsinə dəstək məqsədilə yönəldilib.

Tədbirin açılışında “Kids Story” bağçasının direktoru, xüsusi pedaqoq Vüsalə Mustafayeva çıxış edərək aksiyanın mahiyyəti və əhəmiyyətindən danışıb, bu təşəbbüsün uşaqların iştirakı ilə həyata keçirilməsinin xüsusi mənəvi dəyər daşıdığını vurğulayıb. O, çıxışında bağça uşaqları və aksiyada öz dəstəklərini nümayiş etdirən valideynlərə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai çıxışında Ləmanın həyat eşqindən və belə təşəbbüslərin insanları bir araya gətirmək gücündən danışıb:

“Bu gün mən Ləmanın xəstəliyindən deyil, onun həyat eşqindən danışmaq istəyirəm. Həyatın çətin sınaqları ilə qarşılaşan, amma yaşamaq, böyümək, arzularına çatmaq istəyindən vaz keçməyən uşaqlar var. Ləman da onlardan biridir. Onun həyat eşqi hər birimiz üçün bir ümiddir. Biz bu gün burada sadəcə yardım etmək üçün deyil, Ləmana onun tək olmadığını hiss etdirmək üçün toplaşmışıq.

İnsan yaxşılıq edəndə, ilk növbədə, özünə, öz ruhuna bir hədiyyə edir. Bəzən bir uşağın həyatına toxunmaq, bir ailənin ümidini artırmaq üçün atdığımız kiçik addımın nə qədər böyük məna daşıdığını zamanla anlayırıq”.

Tədbirdə çıxış üçün ilk söz millət vəkili Ceyhun Məmmədova verilib və o, SMA kimi ağır xəstəliklərlə mübarizə aparan uşaqlara dəstəyin yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti olduğunu vurğulayıb. O bildirib ki, belə uşaqların müalicəsi və reabilitasiyası istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, ayrı-ayrı şəxslərin, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin dəstəyi də mühüm əhəmiyyət daşıyır.

Millət vəkili qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların yanında olmaqla yanaşı, onların valideynlərinə də mənəvi dayaq göstərmək vacibdir: “Çünki uzunmüddətli müalicə prosesi ailələrdən böyük səbir, güc və fədakarlıq tələb edir. Belə məqamlarda cəmiyyətin diqqəti, həmrəyliyi və dəstəyi valideynlərə özlərini tək hiss etməmək üçün əlavə güc verir”.

O, “Kiçik əllər, böyük ümidlər” kimi təşəbbüslərin ictimai həmrəyliyin formalaşmasına, uşaqlarda mərhəmət və paylaşmaq mədəniyyətinin inkişafına xidmət etdiyini bildirib və aksiyanın təşkilatçılarına təşəkkürünü ifadə edib.

Tədbirdə yazıçı İlham Əziz, Əməkdar jurnalist Sara Əzimova, psixoloq-pedaqoq Sevda Alışova, pedaqoq Samirə Cahan, psixoloq Nigar Əhmədova çıxış edərək xeyriyyə təşəbbüslərinin cəmiyyət üçün əhəmiyyətindən, uşaqlara dəstəyin və sosial həmrəyliyin vacibliyindən danışıblar.

Aksiyanın ən duyğulu anlarından biri Ləman Səfərlinin və anası Aynur Səfərovanın çıxışı olub. Onlar göstərilən diqqət və dəstəyə görə tədbirin təşkilatçılarına, iştirakçılara və Ləmanın mübarizəsinə biganə qalmayan hər kəsə təşəkkürlərini bildiriblər. Ləmanın və anasının fikirləri iştirakçılar tərəfindən böyük həssaslıqla qarşılanıb.

Tədbirin bədii hissəsində Məryəm Nurməmmədovanın təqdim etdiyi rəqslər aksiyaya xüsusi rəng qatıb. Onun çıxışları tədbirin səmimi və xoş atmosferini daha da zənginləşdirib.

“Kiçik əllər, böyük ümidlər” aksiyası bir daha göstərib ki, xeyirxahlıq üçün yaşın, imkanın və vəzifənin fərqi yoxdur. Əsas olan bir insanın həyatına toxunmaq, ehtiyac duyulan anda onun yanında olmaqdır. Bu dəfə həmin böyük yaxşılıq kiçik əllərin hazırladığı əl işləri, böyük ürəklərin birliyi ilə gerçəkləşib.

Ləmanın mübarizəsi təkcə onun və ailəsinin mübarizəsi deyil. Bu, insanlığın, mərhəmətin və həmrəyliyin sınağıdır. Kiçik əllərdən doğulan böyük ümidlərin Ləmanın həyatına işıq olması diləyi ilə!

Ləmana dəstək üçün bank hesabları:

Kapital Bank: 5239 1517 4684 9978

Leo Bank: 4098 5844 6321 3931




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki