Azərbaycan Mətbuat Şurası media subyektlərini və jurnalistləri ictimai məsuliyyətə, peşə etikası prinsiplərinə və insan hüquqlarına həssas yanaşmağa çağırıb.
Vətəninfo.az xəbər verir ki, Mətbuat Şurası bununla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, son dövrlər bəzi media orqanlarının təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmalar müşahidə edilir.
Şura hesab edir ki, jurnalistika ictimai maraqlara xidmət etmək əvəzinə, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir.
Xüsusilə, tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslər haqqında yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir.
Bəyanatda uşaqlarla bağlı məlumat və görüntülərin yayılması məsələsinə də xüsusi diqqət çəkilib. Bildirilib ki, uşaqların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin və şəxsi məlumatlarının açıqlanması qəbuledilməzdir.
Mətbuat Şurası, həmçinin vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılmasını, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanmasını peşə etikası prinsiplərinin pozulması kimi qiymətləndirib.
Bəyanatda digər ciddi problem kimi təqsirsizlik prezumpsiyasının pozulması göstərilib. Vurğulanıb ki, məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi və onların ictimai linçə məruz qalmasına yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.


























