Kreml, Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı “sülh planı” ilə bağlı son açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov, Rusiyanın hələ ki, Ukraynanın bu sülh planı üzrə danışıqlara başlamaq barədə razılığını almadığını bildirib. O qeyd edib ki, bu barədə heç bir rəsmi məlumat alınmayıb.
Peskov, həmçinin, xarici media vasitəsilə yayımlanan sülh planının məqamlarının və bu plan üzrə keçirilən məsləhətləşmələrin doğruluğu ilə bağlı hələ heç bir rəsmi təsdiq olmadığını qeyd edib.
Kreml, hələ də ABŞ ilə birgə hazırlanmış yeni “sülh planı”nın mövcudluğunu təsdiq etməyib. 20 noyabr tarixində Peskov, “Ankoridjdə dediklərimizdən yeni bir şey əlavə etmək mümkün deyil”, – deyə bildirmişdi.
Bir müddət əvvəl xarici KİV-lər, ABŞ-ın Ukrayna üçün hazırladığı 28 bəndlik sülh planını dərc edib. Plana görə, Rusiya Donbasın tam nəzarətini ələ keçirəcək, Xerson və Zaporojya bölgələrində isə müvəqqəti atəşkəs tətbiq ediləcək.
Planın digər əsas müddəalarından biri, Ukraynada NATO qüvvələrinin olmaması və Ukrayna Silahlı Qüvvələrinin sayının 600,000 nəfərlə məhdudlaşdırılmasıdır.
Financial Times, ABŞ-ın Ukraynaya təzyiq göstərərək, Kiyevin bu planı 27 noyabr tarixinə qədər imzalamasını istəyəcəyini bildirib. Qəzetin məlumatına görə, razılaşma imzalandıqdan sonra, bu sənəd Moskvaya təqdim olunacaq və prosesin dekabrın əvvəlində tamamlanması planlaşdırılır.


























