Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən 40 yaşlı hücumçu Kriştianu Ronaldu peşəkar karyerasını hələlik başa vurmaq istəmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə portuqaliyalı ulduz “O Bola” nəşrinə verdiyi açıqlamada danışıb:
“Ailəmin üzvləri deyirlər ki, artıq karyeramı bitirmək vaxtıdır, amma mən belə düşünmürəm. Həm yığmaya, həm də klubuma hələ də fayda verirəm. Karyerama son qoyacağım zaman bunu tam məmnunluq hissi ilə edəcəyəm. Bəli, son yaxınlaşıb, amma bu illəri maksimum səylə yaşamaq istəyirəm”.
Ronaldu əlavə edib ki, 20 il əvvəl hədəfi dünyanı fəth etmək olub, lakin zaman keçdikcə həyata baxışı dəyişib:
“İndi isə fərqli düşünürəm. Yaş insanın həyata baxışını dəyişir. Anı yaşayıram. Hər şey çox tez dəyişir. Uzunmüddətli planlar qurmaq mümkün deyil. Hər günümün, hər məşqimin, hər oyunumun dadını çıxarıram”.
Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nasr” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Transfermarkt portalı ulduz futbolçunun hazırkı transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.