Madaqaskarda siyasi böhran pik həddə çatıb. Ölkənin ordusu hakimiyyəti ələ keçirib, prezident isə ölkədən qaçıb.
Vətəninfo.az xəbər verir ki, Madaqaskar Ordusunun Personal İdarəetmə Korpusunun (CAPSAT) rəhbəri polkovnik Maykl Randrianirina France-Presse agentliyinə açıqlamasında bildirib ki, ordu ölkədə baş qaldıran etirazlar fonunda idarəçiliyi ələ alıb.
“Biz hakimiyyəti ələ keçirmişik”, – deyə polkovnik bildirib. O əlavə edib ki, ordu parlamentin aşağı palatası istisna olmaqla, digər bütün dövlət qurumlarını ləğv edib.
Bundan əvvəl, ölkə prezidenti Andri Rajoelina 14 oktyabrda Milli Assambleyanı buraxsa da, parlamentin aşağı palatası onun impiçmenti ilə bağlı iclas keçirməyə qərar verib. Səsvermə zamanı 131 deputatdan 130-u prezidentin vəzifədən kənarlaşdırılmasının lehinə səs verib, yalnız bir deputat bitərəf qalıb.
Qeyd edək ki, sentyabr ayından bəri Madaqaskarda su və elektrik enerjisi çatışmazlığı ilə bağlı etirazlar başlayıb. Bu nümayişlər qısa müddətdə korrupsiya və zəif idarəçiliyə qarşı genişmiqyaslı xalq hərəkatına çevrilib.
BMT-nin yaydığı məlumata görə, etirazların ilk həftəsində azı 22 nəfər həyatını itirib, 100-ə yaxın insan isə yaralanıb.