ABŞ-ın tanınmış aşpazı və Food Network kanalının məşhur simalarından biri olan Anne Burrellin ölümü ilə bağlı yeni detallar məlum olub. Vətəninfo.az xəbər verir ki, Nyu-York şəhərinin Baş Tibbi Ekspertiza İdarəsi CNN-ə verdiyi açıqlamada bildirib ki, Burrellin ölümü intihar nəticəsində baş verib.
Rəsmi məlumatda qeyd olunur ki, 55 yaşlı məşhur aşpazın ölümünə alkoqol və müxtəlif dərman maddələrinin birgə təsiri ilə yaranan kəskin zəhərlənmə səbəb olub. O, ötən ay Nyu-Yorkdakı evində ölü tapılıb.
Nyu-York Polis İdarəsinin sözçüsü CNN-ə bildirib ki, polis əməkdaşları Burrellin Bruklindəki evinə çağırılıb və orada huşsuz və həyat əlamətləri olmayan qadınla qarşılaşıblar. Hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası onun hadisə yerində vəfat etdiyini müəyyənləşdirib.
Anne Burrellin ailəsi hadisə ilə bağlı Food Network-ə verdiyi açıqlamada bildirib:
“Anne-in nur saçan enerjisi və sevgisi yalnız yaxınlarını deyil, bütün dünyada milyonlarla insanı əhatə edirdi. Artıq bizimlə olmasa da, onun istiliyi, ruhu və sonsuz sevgisi əbədi olaraq yaşayacaq.”