“Meta” şirkəti bu ilin ilk altı ayı ərzində “WhatsApp” platformasında dələduzluq fəaliyyətləri ilə əlaqəli 6,8 milyondan çox istifadəçi hesabının bloklandığını açıqlayıb.
Şirkətin avqustun 5-də yaydığı yazılı açıqlamasında deyilir: “İstifadəçiləri dələduzluq hallarından qorumaq məqsədilə həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər çərçivəsində “WhatsApp”ın dələduzluq mərkəzləri ilə əlaqəli 6,8 milyondan artıq hesabı müəyyən edərək bloklamışıq”.
“Meta” qeyd edib ki, aparılan araşdırmalar və gücləndirilmiş nəzarət tədbirləri nəticəsində bu hesabların böyük bir hissəsi istifadəyə verilməzdən əvvəl ləğv edilib.
Şirkət dələduzluq şəbəkələrinin adətən kriptovalyuta fırıldaqları və maliyyə piramidası tipli sxemlər də daxil olmaqla, bir neçə dələduzluq metodunu eyni anda həyata keçirdiyini bildirib. “Meta”nın açıqlamasında qeyd olunur ki, qazanc vədi ilə əvvəlcədən ödəniş tələb olunması geniş yayılmış təhlükə əlamətidir.
Yeni təhlükəsizlik imkanları təqdim edilib
Bəyanatda əlavə olunur ki, “WhatsApp” artıq istifadəçilərin kontakt siyahısında olmayan biri tərəfindən qrupa əlavə olunduqları zaman avtomatik görünən “qrup çatının təhlükəsizlik xülasəsi” adlı yeni bir funksiyanı işə salıb.
Burada qrup haqqında məlumatlar və təhlükəsizliklə bağlı ipucları təqdim olunur, istifadəçiyə söhbəti açmadan qrupdan dərhal çıxmaq imkanı verilir. Qrupda qalmaq istəmədikcə bildirişlər səssiz rejimdə qalır.
Bundan başqa, “WhatsApp” hazırda istifadəçinin kontakt siyahısında olmayan biri ilə danışmağa başlamazdan əvvəl xəbərdarlıq edən yeni sistemin sınaqdan keçirildiyini də bildirib. Bu xəbərdarlıqların məqsədi istifadəçiyə əlavə kontekst təqdim etməklə onun daha ehtiyatlı davranmasına şərait yaratmaqdır.
“Meta” dələduzların tez-tez asan qazanc vədi, saxta investisiya təklifləri və ya guya ödənilməmiş borclarla bağlı təhdidlərdən istifadə etdiyini vurğulayıb.
Açıqlamanın sonunda xüsusilə pul və ya şəxsi məlumat tələb edən, tanımadığınız şəxslərdən gələn onlayn müraciətlərə qarşı istifadəçilərin son dərəcə ehtiyatlı olmaları tövsiyə olunub.