image-1backend

Milli Məclisdən ABŞ Senatına sərt etiraz

image-reklam_sirab_01

Parlament 2024-cü ilin büdcə sənədini ikinci oxunuşda təsdiqlədi; deputatların fikirləri toqquşdu

Noyabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova qeyd etdi ki, noyabrın 15-də ABŞ Senatı  Azərbaycan əleyhinə daha bir sənəd qəbul edilib: “Bu, “2023-cü il erməniləri müdafiə aktı” adlanan  sənəddir. Elə həmin gün Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində məlum dinləmələr də keçirilib. Senatın aktında bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir”.

Komitə sədri Ziyafət Əsgərov çıxışında bildirdi ki, bu il 15 noyabrda ABŞ Senatında Azərbaycana qarşı “absurd teatr” nümayiş etdirilib. Xatırlatdı ki, ABŞ Konqresi hələ 1992-ci ildə Azərbaycan əleyhinə 907-ci düzəliş qəbul etmişdi: “Hansı ki, həmin il Xocalı soyqırımı baş vermişdi”. Z.Əsgərov qeyd etdi ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan birmənalı şəkildə ABŞ-ın yanında olduğunu, antiterror koalisiyasına qoşulduğunu bəyan etdi. “Yaxşı, strateji portnyora qarşı belə hərəkət edərlərmi?” – Z.Əsgərov sual etdi.

Komitə sədri qeyd etdi ki, Azərbaycan öz torpaqlarını azad edəndən sonra Qərb dövlətlərinin yuxusuna haram qatıldı. “Çünki sən müsəlman dövlətisən.  Çünki sən Türkiyə ilə Şuşa Müqaviləsini imzalamısan” – Z.Əsgərov bildirdi. Komitə rəhbəri sual etdi: “Nə istəyirsiniz Azərbaycandan? Axı bu qədər ədalətsiz, ikiüzlü, riyakar siyasət olmaz!” Z.Əsgərov bildirdi ki, biz müharibəni kişi kimi apardıq, heç bir mülki sakinin burnu qanamadı. Həmçinin BMT nümayəndə heyəti, “Qızıl Xaç”ın təmsilçiləri də bunu təsdiqləyib. “Bunlar, ümumiyyətlə, müsəlman dövlətlərinin dirçəlməsinin əleyhinədir” – Z.Əsgərov Qərbin riyakar siyasətinin səbəbini izah etdi.

Komitə sədri Siyavuş Novruzov bildirdi ki, hamı Prezidentin apardığı siyasətin arxasında durmalı, bu cür bəyanatlara kəskin etirazını bildirməli, deputatlar parlamentin bütün dostluq qruplarına Milli Məclisin mövqeyi göndərməlidir.

Fəzail Ağamalı Bayden administrasiyasının ölkəmizə qarşı qərəzli siyasətinə etirazını ifadə edərək bildirdi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmir. F.Ağamalı ABŞ Senatının qərəzli mövqeyinə etiraz əlaməti olaraq Amerikanın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina etdiyini açıqladı. Müzakirələrin yekununda Milli Məclisin bəyanatı qəbul edildi. Bəyanatı deputat Kamilə Əliyeva təqdim etdi. Sənəddə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır”. ABŞ Senatının anti-Azərbaycan sənədinə etraz bəyanatında daha sonra bildirilir: “Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada  ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar  regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir. Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür”.

Daha sonra deputatlar hökumət üzvlərinin iştirakı ilə 2024-cü ilin büdcə sənədini ikinci oxunuşda müzakirə etdilər. Komitə sədri Tahir Mirkişili qeyd etdi ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsində dövlət büdcəsi gəlirləri 2023-cü ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq 34 milyard 173 milyon manat, xərcləri isə 2023-ci ilin dövlət büdcəsi xərclərindən 138.2 milyon manat artırılaraq 36 milyard 763 milyon manat nəzərdə tutulub: “Dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində proqnozlaşdırılıb. Neftin bir barelinin orta illik qiymətinin 60 dollar olacağı baza ssenarisi əsasında 2024-cü ildə ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz, qeyri-neft-qaz ÜDM-in real artım tempinin 4.6%, inflyasiyanın orta illik göstəricisinin 5.3 faiz, orta aylıq əmək haqqının isə 980 manat olacağı proqnozlaşdırılıb. Qeyd edim ki, dövlət büdcəsinin qeyri-neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsilə təmin edilən gəlirlərinin proqnozu cari ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 1 milyard 100 milyon manat artırılaraq 15.8 milyard manat nəzərdə tutulmuşdur. Gəlirlərdə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərdən gələn gəlirlərin 2023-cü ilin proqnozu ilə müqayisədə 237 milyon manat çox olmaqla 558.2 milyon manat planlaşdırılıb”.

Komitə sədri bildirdi ki, dövlət büdcəsi gəlirlərinin 49.8%-i qeyri-neft-qaz sektorundan, 50.2%-i isə neft sektorundan gələn gəlirlər hesabına formalaşacaq: “Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 34.5 milyon manat artılaraq 15 milyard 772.9 milyon manata və ya dövlət büdcə xərclərinin 42.9%-nə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin məskunlaşması şəratinin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır”.

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası davam edir

T.Mirkişili vurğuladı ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 489.3 milyon manat artırılaraq 9 mlrd 377.7 milyon manata, təhsil xərcləri 142.8 milyon manat artırılaraq 4 mlrd 549.9 mln manata, səhiyyə xərcləri 66.3 milyon manat artırılaraq 1 mlrd 871 mln manata çatdırılması planlaşdırılır: “Əməyin ödənişi xərcləri 510.1 milyon manat artırılaraq 9 milyard 7.2 milyon manat təşkil edəcək. Layihədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 502.9 milyon manat, su ehtiyatları və idarəetməsi məsələləri üçün 507.1 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri üçün isə 546.2 milyon manat nəzərdə tutulub. 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 22,2%, dövlət borcunun ÜDM-ə nisbətinin isə 14,5% olacağı proqnozlaşdırılır. Aparılmış təhlillər təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deməyə əsas verir”.

Maliyyə naziri Samir Şərifov deputatların təkliflərinin diqqətdən kənarda qalmayacağını söylədi.

Vurğulandı ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.

Müzakirələrdən sonra sənəd bir nəfər əleyhinə olmaqla, ikinci oxunuşda təsdiqləndi.

Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında bildirdi ki, bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır. Deputat qeyd etdi ki, bir hissə yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir: “Məsələn, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır. Bir hissə də var ki, özəl sektorda işləyir və ya işləmir pensiya yaşını gözləyir ki, çıxsın. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar. Əlavə olaraq, sosial müavinət alınanların siyahısı çıxsa, yaxşı olar. Hər bir millət vəkilinə siyahı verilsə, kimin sosial yardım aldığını dəqiq bilərik”.

Milli Meclis: Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyə Böyük  Millət Məclisində təcrübə mübadiləsində iştirak edir

Novruzov digər məsələyə də toxundu. Bildirdi ki, uşaqlar üçün verilən təminatlar iki uşaqdan sonra olsa, daha yaxşı olar: “Bilirsiniz ki, uşaqlar üçün verilən təminatlar beş uşaqdan sonra olur. Düşünürəm ki, bu limit ikidən sonra olsa, daha yaxşı olar. Məsələn, iki uşaqdan sonra müəyyən güzəştlər, üç-dən sonra başqa güzəştlər və sair.  Digər tərəfdən, Azərbaycanda “Qəhrəman ana” statusu var. Belə ki, on uşağı olana qəhrəman ana deyilir. Hesab edirəm ki, “Qəhrəman ana” statusu ilə bağlı on uşaq sayını yeddi, səkkizə salmaq olar”.

Deputat Vahid Əhmədov Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələrində onu narahat edən məsələlərdən danışdı. Öncə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcların ilbəil artmasına diqqət çəkdi və bunun səbəbi ilə maraqlandı. Deputat iki ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu aldığını da söylədi: “Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz 80 manat veteran pulunun artırılmasını qaldırmışdıq. Bizə deyildi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq? Digər tərəfdən, bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır. Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Vahid Əhmədovun dediklərinə reaksiya verdi: “Düzü bilmirəm, siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.

Deputat Etibar Əliyev Milli Məclisdəki çıxışında pensiya ilə bağlı iradlarını səsləndirdi. Komitə sədri Musa Quliyev isə cavabında “bu çıxışı sizin üçün kim yazıb, deyə bilmərəm, amma məsələ belə deyil. Burada hər hansı gizlilik yoxdur” – dedi.

Etibar Əliyev isə cavabında bildirdi ki, hər bir deputatın məsləhətçisi ola bilər, amma bütün çıxışlarını özü yazır. “Bu, Eynşteyn nəzəriyyəsi deyil ki, başa düşə bilməyim. Bu, qərəzlilikdir”, – deyə bildirdi.

Komitə sədri Musa Quliyev yenidən söz alaraq qısa izahat vermək istədiyini bildirdi. “Etibar müəllim mənim ən hörmət etdiyim adamlardan biridir”-deyən komitə sədri bildirdi ki, o özü də bəzən nəyisə dəqiqləşdirməkdən ötrü müvafiq şöbələrlə əlaqə saxlayır. “Burada qeyri-etik ifadə yoxdur. Nəzərə almaq lazımdır ki, Etibar müəllim iqtisadçı deyil. Sadəcə, mən aydınlıq gətirmək istədim. Etibar müəllimə hörmətim var”.

Milli Məclisin gündəliyindəki digər məsələlər də müzakirəyə çıxarıldı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki