Vətəninfo.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Ural bölgəsindəki Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəla Şıxlinskinin saxlanılması məhz onun sorğusu əsasında həyata keçirilib.
Mironovun sözlərinə görə, bu məsələ onun müraciətində əsas yer tutmur və o, əsas diqqətin Azərbaycan diasporasının tam yoxlanmasına yönəldiyini vurğulayıb. Deputat xüsusilə Moskvanın ən böyük bazarları olan “Sadovod” və “Food City”yə diqqət çəkib. Həmin obyektlərin azərbaycanlı əsilli rusiyalı milyarder Qod Nisanova məxsus olduğu qeyd edilir.
Qeyd edək ki, dünən Yekaterinburq məhkəməsi Şahin Şıxlinskinin oğlu və vəkili Mütvəla Şıxlinskini 14 sentyabra qədər həbs edib. O, “Mercedes-Benz G-Class” (Gelandewagen) markalı avtomobillə xüsusi təyinatlı əməkdaşı vurmaqda ittiham olunur. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (“Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi”) ilə cinayət işi açılıb.
Bundan əvvəl Moskvada Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski barəsində də eyni maddə ilə cinayət işi başladılıb. Bu barədə Rusiyanın “E1” nəşri məlumat yayıb.