İran rəsmisi nüvə ehtiyatlarının ölkədə saxlanılacağını bildirib və ABŞ-yə yeni hücumlarla bağlı xəbərdarlıq edib.
İran zənginləşdirilmiş uran ehtiyatlarının heç bir hissəsini ölkədən çıxarmaq niyyətində deyil.
Vətəninfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran Rusiyadakı tərəfdaşlarına nüvə ehtiyatlarının İranda qalacağını və ölkənin bu materiallardan öz ehtiyacları üçün istifadə edəcəyini çatdırıb.
Rzayi zənginləşdirilmiş urana ehtiyacın səbəbini nüvə reaktorları ilə işləyən gəmilərin və sualtı qayıqların layihələndirilməsi ilə əlaqələndirib.
İran rəsmisi həmçinin Yaxın Şərqdə, xüsusilə Livanda bütün cəbhələrdə müharibənin dayandırılmasını Tehranın əsas şərtlərindən biri kimi göstərib.
O, ABŞ-nin İrana qarşı yeni hücumlara əl atacağı təqdirdə, ölkənin cavab zərbələri endirəcəyini bildirib. Rzayi vurğulayıb ki, İranın cavabı hətta ölkədən ən uzaq məsafədə yerləşən ABŞ hərbi bazalarını da əhatə edə bilər.


























