image-reklam-veteninfo
image-587296636_26051256121129234_3123615631982891429_nbackend

Molla rejiminin qanlı əli: Adam asan CANİ…

image-reklam-veteninfo

26 noyabr 2003-cü il, İslam inqilabından sonrakı ilk illərdə İranda gedən proseslərdə önəmli rol oynamış, “adam asan hakim” kimi tanınan ayətullah Sadeq Xalxali vəfat edir.
O, 1926-cı ildə Ərdəbil yaxınlığındakı Xalxal mahalında anadan olub, azərbaycanlıdır. Qumda dini təhsil alan zaman Ruhulla Xomeyninin oğlu Mustafa ilə sinif yoldaşı olub. Özü də Xomeyninin tərəfdarına çevrilir. İslamçı fəaliyyətinə görə şah hakimiyyəti zamanı bir neçə dəfə həbs olunub, ucqarlara sürgün edilib. Amma o zaman həbs və sürgün olunanlar o qədər çox idi ki, Xalxali ölkədə çox da tanınmırdı.
İslam inqilabının qələbəsindən sonra, 1979-cu il fevralın 24-də Xomeyni Xalxalini İnqilab məhkəməsinin sədri təyin edir. Hərçənd. özü bu səlahiyətləri daha əvvəl mənimsəmişdi. Artıq fevralın 15-də onun əmri ilə 4 şah generalı edam edildi. Yeni hökumətdə baş nazirin müavini vəzifəsini tutan İbrahim Yəzdi yazır ki, Xalxali onları edam edib sonra ittiham aktını yazmışdı.
Bundan sonra edamlar kütləvi hal aldı. Xalxalinin məhkəmələri ədalət mühakiməsindən çox uzaq idi. O, özünü hakimdən çox ittihamçı kimi aparırdı. Baş nazir Mehdi Bazərgan onun qəddarlığına qarşı tez-tez etiraz edirdi.
1965-1977-ci illərdə İranın baş naziri olmuş Əmir Abbas Hoveydanın edamı Xalxalini yaxşı səciyyələndirir. Həbsdə olan Hoveydanın öldürülməməsini dünyanın bir çox ölkələrindən xahiş edirdilər. Bazərgan da edamın əleyhinə idi.
Xalxali isə keçmiş baş naziri mütləq edam etmək istəyirdi. 1979-cu il aprelin 7-də axşam Hoveydanın saxlanıldığı həbsxanaya gəldi və ilk olaraq telefon əlaqəsinin kəsilməsini əmr etdi. Qorxurdu ki, Bazərgan Xomeyniyə təsir edər və ali rəhbər zəng edib edama qarşı çıxar. Telefon əlaqəsini kəsəndən sonra tələsik “məhkəmə” keçirdi və Hoveydanı edama məhkum etdi. Hökm dərhal yerinə yetirildi.
Xalxali bəhailərə divan tutdu, kürd üsyançılarına xeyli edam hökmü çıxardı. O, cansız şeylərlə də mübarizə aparırdı. Pza şahın məqbərəsini dağıtmağı əmr etdi. Hətta qədim Persepolis şəhərinin qalıqlarını məhv etmək istəyirdi, amma bu, əhalidə narazılıq doğurduğundan həyata keçirilmədi. Firdovsini şahları mədh edən şair kimi tənqid edirdi.
“Adam asan hakim” ləqəbi qazanan Xalxali get-gedə hətta klerikal rejim üçün belə arzuolunmaz fiqura çevilirdi. 1980-ci ilin fevralında ali məhkəmənin sədri təyin olunan ayətullah Məhəmməd Behiştinin ilk addımlarından biri Xalxalini İnqilab məhkəməsinin sədrliyindən uzaqlaşdırmaq oldu.
Amma sıravi hakimi kimi qalırdı və yenə bir sıra işlərdə hökm çıxardı. Məsələn, İranın ilk qadın naziri Fərruxru Parsaya (1968-1971-ci illərdə təhsil naziri) ölüm hökmünü də o çıxardı.
Sadeq Xalxali daxildəki məhkəmələrlə kifaytlənməyib xaricə qaçan adamların da qətlini təşkil edirdi. Şahın son baş naziri Şapur Bəxtiyarın, Əşrəf Pəhləvinin oğlu Şəhriyar Şəfiqin, SAVAK-ın istintaq şöbəsinin rəisi Mənüçöhr Təzifəxahın və başqalarının Avropada qətlini Xalxalinin təşkil etdiyi söylənilir. İddia olunur ki, hətta ölkədən qaçan şahı öldürmək üçün məşhur terrorçu İliç Ramireslə (Çaqqal Karlos) sövdələşibmiş. Amma şah xərçəngdən öldü.
Nəhayət, 1980-ci ilin dekabrında Xalxalini İnqilab məhkəməsindən ümumiyyətlə uzaqlaşdırdılar və bundan sonra nüfuzu azalmağa başladı. Amma Ekspertlər şurasının (majles-e khobregan-e rahbari) üzvü olaraq qalırdı. 1989-cu ildə Xomeyni öldükdə məhz Xalxali yeni rəhbərin Xamenei olmasını təklif etdi, halbuki o zaman Xamenei sadəcə hüccətül-islam idi. Başqa sözlə, dini iyerarxiyanın generalitetinə daxil deyildi.
Amma Xalxali o qədər toksik fiqur idi ki, nə rəhbər seçilən Xamenei, nə 1997-ci il prezident seçkilərində dəstəklədiyi Məhəmməd Hatəmi onu özlərinə yaxın buraxdılar. İctimai-siyasi meydandan qəti uzaqlaşdırılan Sadeq Xalxali 2003-cü ildə xərçəngdən öldü. O, ömrünün sonlarında verdiyi müsahibələrinin birində “edam etdiklərim həyata qayıtsaydılar, onları bir də edam edərdim” deyirdi.
Maraqlıdır ki, onun qızı Fatimə Sadeq Xalxali qadın hüquqlarının müdafiəçisi və məcburi hicab qaydasının tənqidçisi kimi tanınır. O, son etirazları da dəstəkləmişdi.

Yadigar Sadıqlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki