Müəllimlərin iş yükünün artıq olması məsələsinə aydınlıq gətirilib.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı brifinqdə bildirib ki, məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı aparılan monitorinqlər göstərir ki, bəzi hallarda müəllimlər tədris prosesinə çox böyük fayda verməyən müəyyən rutin işlər görürlər:
“Nəticələr təhlil olunacaq və gələcəkdə hansı lazım deyilsə, müəllimin yükündən götürüləcək” – o deyib.
Təhsil naziri Emin Əmrullayev isə deyib ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar:
“Bu, aparılan monitorinqlər zamanı məlum olub. Müəllimlərin bir qisminin məktəbdə zamanı idarə etməyi, sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var. Ona görə də dərsdən sonrakı saatlarda həmin işləri görə bilərlər ki, dərs zamanı səmərəli istifadə olunsun” – nazir qeyd edib.