Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibti Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Təmir-İnşaat” şirkəti seçilib. Avtomobil yollarının əsaslı təmirinə görə şirkətə 298 687,56 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Təmir-İnşaat” MMC 15 dekabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ.Dəmirov küçəsi ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin əlaqə telefonları və internet səhifəsi də yoxdur. Adətən bu tip şirkətlər sadəcə kağız üzərində olur və tender və “obnaliçka” əməliyyatlarında istifadə edilməsi üçün yaradılır.
“Təmir-İnşaat” MMC tanınmayan şirkət olsa da, satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət təkcə oktyabr ayında 1 216 852,99 manatlıq sifariş alıb.
Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlub olub ki, “Təmir-İnşaat” MMC birqayda olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi seçilir. Bu fakt şirkətlə icra hakimiyyəti arasında hansısa bağlılığın olduğuna şübhələri artırır.
Maraqlıdır ki, adı heç yerdə keçməyən, maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum olmayan “Təmir-İnşaat” MMC həm Naftalan və Yevlaxda yolları əsaslı təmir etməli, həm də Yevlaxda 20 Yanvar, Sidqi Ruhulla, Xudu Məmmədov (Nizami prospektindən Arif Sadıqov küçəsinə kimi), 28 may ( Xudu Məmmədov küçəsindən-Nizami prospektinə kimi) küçələrini təmir etməlidir. 10 manatlıq şirkətin eyni vaxtda bu işlərin öhdəsindən gələcəyi inandırıcı görünmür.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur. Onun 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Tural Məmmədovdur.
Vüqar Novruzov 2019-cu ildən Naftalana rəhbərlik edir. O icra başçısı təyin ediləndən Naftalanın küçə və yollarının təmiri ilə bağlı 4 tender keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 349 946,24 manat təşkil edir.


























