Türkiyənin NATO ilə əlaqələri və bu ölkənin alyansdakı rolu, həm region, həm də qlobal miqyasda çox mühüm əhəmiyyət kəsb edir. NATO-nun qərarları və hərbi əməliyyatları ilə bağlı Türkiyənin mövqeyi, yalnız hərbi gücünə görə deyil, həm də coğrafi mövqeyinə görə də müstəsna bir strateji dəyər daşıyır. Bu məqalə, Türkiyənin NATO daxilindəki yerini və alyansın qərarvermə prosesindəki rolunu araşdıracaq. Xüsusilə, Ankara’nın gücünün səbəblərini, NATO-nun qərarlarında və strateji hərəkətlərində Türkiyənin niyə əvəzsiz bir oyunçu olduğunu təhlil edəcəyik.
Türkiyənin NATO ilə əlaqələri 1950-ci illərə gedib çıxır. 1950-ci ildə Türkiyənin NATO-ya üzvlük müraciəti rədd edilsə də, 1952-ci ildə ölkə rəsmi olaraq Şimali Atlantika İttifaqına üzv qəbul olundu. Bu dövrün ardınca, NATO-nun cənub-şərq qanadını gücləndirmək üçün Türkiyənin rolu gündəmə gəldi. Türkiyə, xüsusilə Koreya müharibəsində göstərdiyi döyüş qabiliyyəti ilə Alyansa olan strateji əhəmiyyətini göstərdi.
Türkiyənin NATO-nun içindəki əhəmiyyəti yalnız hərbi gücü ilə məhdudlaşmır. Geosiyasi mövqeyi, Türkiyəni Qərb, Asiya və Afrika arasında körpü funksiyasını yerinə yetirən, regional və qlobal siyasətlərdə mühüm rol oynayan bir ölkə edir. Bu strateji mövqe, NATO-nun qərarlarının formalaşmasında Türkiyənin söz sahibi olmasına imkan verir. Bir çox hallarda, NATO-nun qərarları Ankara’nın mövqeyinə uyğun şəkildə uyğunlaşdırılır, çünki Türkiyə Alyansın cənub-şərq sərhədini qorumaqla yanaşı, beynəlxalq terrorizmə qarşı mübarizədə də əhəmiyyətli bir iştirakçıdır.
Türkiyə, yalnız NATO daxilindəki gücünü artırmaqla kifayətlənmir, eyni zamanda, Şimali Atlantika İttifaqı olmayan beynəlxalq təşkilatlarda da mühüm bir oyunçu kimi çıxış edir. Məsələn, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlarda Türkiyənin balanslı diplomatik siyasəti, onu bir çox regional münaqişələrdə vasitəçi etməyə imkan verir. Ukrayna-Rusiya müharibəsindəki rolu buna ən bariz nümunədir. Türkiyə, bu münaqişədə neytral mövqeyini qoruyaraq, həm Avropanın, həm də Rusiyanın maraqlarını nəzərə alan bir yanaşma sərgiləyib.
Türkiyə ordusu NATO-nun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Bu güc, Türkiyənin alyans daxilindəki mübahisələrdə və qərarların qəbulunda əsas faktor olmasına səbəb olur. NATO-nun aktiv döyüş əməliyyatlarında iştirak edən yeganə ordu olan Türkiyə ordusu, həmçinin öz döyüş qabiliyyətini daim yüksək səviyyədə saxlayır. Lakin, Türkiyənin NATO daxilindəki mövqeyi, yalnız hərbi güc ilə ölçülmür. Həmçinin, ölkənin siyasi və diplomatik maneələrlə qarşılaşdığı zaman belə öz müstəqil və balanslı siyasətini davam etdirməsi, onu NATO daxilində əsas aktorlardan biri edir.
Türkiyə, Qərbin “Şərq problemi” ilə üzləşdiyi bir dövrdə, həm Avrasiyaya inteqrasiya etmək, həm də Rusiya ilə qarşılıqlı faydalı əlaqələr qurmaq istəyən bir mövqedədir. Bu səbəbdən, NATO-nun bu strateji mühiti idarə etməkdə Türkiyə ilə sıx əməkdaşlıq etməsi vacibdir. Türkiyənin həm Rusiya ilə münasibətlərini qoruması, həm də Qərblə əlaqələrini gücləndirməsi, onu hər iki tərəf arasında bir növ körpü rolunu oynamağa məcbur edir. Bu strateji mövqe, NATO-nun Türkiyəyə olan ehtiyacını daha da artırır.
Türkiyənin NATO-nun strateji qərarlarında və hərbi əməliyyatlarında böyük rolu olduğu açıqdı. Onun həm hərbi gücü, həm geosiyasi mövqeyi, həm də diplomatik təsir imkanları, Türkiyəni alyansın vazkeçilməz üzvünə çevirir. NATO-nun gələcəkdə daha böyük qlobal çətinliklərlə üzləşəcəyi gözlənilən dövrlərdə, Türkiyənin bu təşkilatdakı strateji rolu daha da önəmli olacaq. Türkiyəsiz, NATO-nun hərbi və diplomatik əməliyyatlarının effektivliyi ciddi şəkildə zəifləyə bilər. Bu da onu deməyə əsas verir ki, NATO-nun gələcəkdəki hərbi və diplomatik uğurları, böyük ölçüdə, Ankaranın mövqeyindən asılı olacaq.
Qoşqar Salmanlı


























