image-reklam-veteninfo
image-fuad-neceflibackend

Naxçıvanda “TORPAQ OYUNLARI” 3 min hektar hara “buxarlanıb”

image-reklam-veteninfo

Son 3 ildə Naxçıvana vurulan zərbələrdən biri də kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi, sonra isə yaşayış və qeyri-yaşayış sahəsi üçün təsnifləndirilərək qanunsuz satılması və yaxud icarəyə verilməsidir. Kifayət qədər quraq, dağlıq və dağətəyi relyefdə yerləşən, əkinəyararlı torpaqlardan kasad bir regionda münbit torpaq ehtiyatlarının bu cür axırına çıxmaq Naxçıvanın təsərrüfat həyatına, iqtisadiyyatına, gələcək inkişafına kürəkdən saplanan balta təsiri bağışlayır.

Vətəninfo.az xəbər verir ki, bu haqda xəbəri “Media25.az”  saytı yayımlayıb.

Məlumatda deyilir ki, Naxçıvan şəhərinin özündə, rayon və kəndlərdə yüz illərdir əkin sahəsi, meşəlik ərazilər kimi qorunub istifadə edilən yüzlərlə hektar münbit torpaqda indi çayxanalar-dominoxanalar, yanacaqdoldurma məntəqələri, restoran və kafelər, kiçik ticarət obyektləri tikilib. Halbuki, bu obyektlər əkin üçün yararsız torpaqlarda tikilə bilərdi ki, belə torpaqlar isə Naxçıvanda kifayət qədər çoxdur.

Təbii ki, məqsəd şəxsi maddi maraqlar olduğundan içməli və suvarma mənbələrinə, şəhər mərkəzinə və əhalinin sıx olduğu yerlərə yaxın ərazilər ya qanunsuz özəlləşdirilərək satılıb, ya da bələdiyyələrin balansına verilərək uzunmüddətli icarəsinə şərait yaradılıb. Bu “əməliyyatlar” isə sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin tapşırıqları və birbaşa rəhbərliyi ilə aparılıb, kifayət qədər vəsait mənimsənilib.

Bildirək ki, Naxçıvan Muxtar Respublikasının mövcud əkinəyararlı torpağı çox az-cəmi 58 min hektardır. Ötən 3 ildə isə nə az, nə çox, düz 3 min hektardan artıq münbit torpağın təyinatı qanunsuz dəyişdirilərək axırına çıxılıb. Bu torpaqların bir hissəsi isə bağ salmaq adı ilə Ekologiya və Təbii Sərvətlər nazirliyinin istifadəsinə verilib, beləcə, daha bir maddi qazanc yeri əldə edilib, bəzən 1 hektar yerə bir ildə 3 dəfə ağac “əkilib”.

Mənbəmiz bildirir ki, Fuad Nəcəfli təyinatı dəyişdirilən torpaqlardan özü və yaxınlarına da kifayət qədər “pay” biçib. Hazırda Naxçıvan şəhərinin mərkəzində-Əziz Əliyev prospektində tikilən 3 mərtəbəli obyektin də Nəcəflinin əmisi oğlu Asiman Nəcəfova, dolayı yolla isə özünə məxsus olduğu bildirilir. Fuad Nəcəfli vəzifədən göndərildikdən sonra dövlət əhəmiyyətli torpaqda ucaldılan bu binada tikinti işləri dayanıb. Naxçıvanı muxtar dövlət yox, zavod kimi idarə edən, şirkət idarəçiliyində “ustalığı” dilindən düşməyən sabiq nümayəndə, görünür, “al-ver”- “makler” işinin də peşəkarı olub…

Sadalananlarla yanaşı, “haqq-hesabı” sahibkarlardan alınıb yerinə yetirilməyən kifayət qədər “söz”lərə görə ortalıqda mübahisəli məsələlər də az deyil . Bu mövzuda aldadılan onlarla Naxçıvan sakini hüquq-mühafizə orqanlarının, Naxçıvan Ali Məclisinin qapısını döyməyə başlayıblar.

Qeyd edək ki, qanunsuz əməllərə etiraz edənlərdən biri baş nazirin birinci müavini Elşad Əliyev, digəri isə Naxçıvanın sabiq kənd təsərrüfatı naziri əvəzi, nazir müavini Xəyalə Dadaşova olub. Bu məsələdəki qətiyyətli mövqeyinə görə Nəcəflinin “qara siyahı”sına düşən Dadaşova dövlətin yararlı torpaq resurslarına zərbə vuran qanunsuz əməlləri yuxarı orqanlara çatdırıb, məsələ ilə əlaqədar arayışlar hazırladıqdan sonra səlahiyyətli nümayəndənin əməllərinə “stop” qoyulub.

Məhz Prezident İlham Əliyevin Naxçıvana yeni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilovu və digər icra hakimiyyəti başçılarını qəbul edərkən dediyi sözlər də təsadüfi deyildi: “Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”,-deyə dövlət başçısı vurğulayıb!

Qısası, görünən dağa bələdçi lazım deyil. Naxçıvanda son 3 ildə yol verilən bu qanun pozuntularının hərtərəfli araşdırılması, günahkarların cəzalandırılması, təyinatı dəyişdirilən torpaqların yenidən dövlət balansına-kənd təsərrüfatı təyinatına qaytarılması günün tələbidir!

Gözləyək…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki