Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin qətli ilə bağlı məsuliyyəti neonasist “Baza” qruplaşmasının Ukraynadakı hücrəsi öz üzərinə götürüb. Bu barədə “The Guardian” məlumat yayıb.
Nəşr yazır ki, qətlin məsuliyyətini üzərinə götürən bəyanat 16 iyulda “Baza” ilə əlaqəli olduğu ehtimal edilən “Telegram” kanalında dərc olunub. Mesajda deyilir: “SBU polkovikinin qətli son deyil, başlanğıcdır”. Eyni kanalda daha bir paylaşımda isə “Ov davam edir!” ifadəsi yer alıb.
“The Guardian”-ın terrorla mübarizə sahəsindəki mənbələri həmin mesajların inandırıcı göründüyünü və “Baza” qruplaşmasının aktivliyinin artdığını bildiriblər. Məlumata görə, Ukrayna hücrəsi mart ayından bəri ən azı 10 infrastruktur obyektini yandırıb.
Bununla belə, Voroniçin qətlinin məhz bu qruplaşma tərəfindən törədildiyini dəqiqliklə təsdiqləmək mümkün deyil. Lakin qətlin xarakteri “Baza”nın daha əvvəl yaydığı bəyanat və təhdidlərə uyğun gəlir.
Ukrayna Təhlükəsizlik Xidməti isə Voroniçin Rusiyanın xüsusi xidmət orqanları, konkret olaraq FSB-nin tapşırığı ilə qətlə yetirildiyini bəyan edib. SBU-nun məlumatına görə, qətli törədən agentlər Kiyev vilayətində saxlanılıb, lakin tutulma zamanı müqavimət göstərdikləri üçün öldürülüblər.
RBC-Ukrayna yazır ki, 10 iyul səhəri Voroniç Kiyevin Qolosiyovski rayonunda, yaşadığı binanın qarşısında qətlə yetirilib. Naməlum şəxs ona bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Mərhum polkovnik 2014-cü ildən bəri Rusiya qüvvələrinə qarşı diversiya əməliyyatları ilə məşğul olan SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzində xidmət edirdi.
Qruplaşmanın qurucusu sayılan Rinaldo Nazzaro isə nə Voroniçin qətli, nə də Ukrayna hücrəsinin fəaliyyəti barədə açıqlama vermək istəməyib. O, bu hadisə ilə heç bir əlaqəsi olmadığını və qətlin arxasında kimin dayandığını bilmədiyini bildirib.