Ötən gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını keçirib. Mənzillərin satışı zamanı kütləvi narazılıqlar və iradlar olub.
Vətəninfo.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, istifadəçilər satış başlayan anda texniki problemlərlə üzləşdiklərini, ekrana xəta xəbərdarlığının çıxmasını, növbəti mərhələyə keçidin mümkün olmamasını bildiriblər.

“MİDA əvvəlkilki satışlardan fərqli olaraq bu dəfə ictimai nəzarətin təşkilinə önəm verməyib. Bu satışda hələlik ən diqqətçəkən məqam odur ki, MİDA satışın baş tutması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Nə baş verməsi, hansı qurumların prosesdə iştirak etməsi, ilk satışın hansı müddətə baş tutması haqqında , bir daha xatırladıram ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıqlama verilməyib. Adətən MİDA satış başa çatan anda ilkin açıqlamalar verirdi”- O.Gündüz qeyd edib.
O hesab edir ki, proses nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var: “Rəqəmsal bacarıqları yetərli olmayanların bu prosesdə uduş şansı elə öncədən sıfra bərabərdir.
Odur ki, güzəştli mənzillər üçün daha ədalətli alternativ seçim imkanları yaratmaq çox vacibdir.
Bu istiqamətdə təkliflərimizi MİDA-ya təklif etmişik”.


























