Pakistan hökuməti Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatına cavab olaraq bildirib ki, Pakistan vətəndaşlarının Rusiya tərəfində Ukraynaya qarşı döyüşdüyü barədə səsləndirilən iddiaların heç bir əsası yoxdur.
Pakistan Xarici İşlər Nazirliyi avqustun 5-də yaydığı açıqlamada bu ittihamları “əsassız və uydurma” adlandıraraq qəti şəkildə təkzib edib.
“İndiyə qədər Ukrayna hökuməti tərəfindən Pakistan tərəfinə heç bir rəsmi müraciət təqdim olunmayıb və bu cür iddiaları dəstəkləyəcək hər hansı sübut təqdim edilməyib”, – deyə nazirliyin bəyanatında vurğulanıb.
Qeyd edək ki, V.Zelenski bu fikirləri avqustun 4-də Ukraynanın şimal-şərqində yerləşən cəbhə bölgəsinə səfəri zamanı səsləndirib. O, “X” platformasında paylaşdığı açıqlamada deyib: “Bu cəbhədə döyüşən əsgərlərimiz bildirirlər ki, Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən gəlmiş muzdlu döyüşçülər düşmən sıralarında yer alıblar. Biz buna cavab verəcəyik.”
Rəsmi İslamabad isə cavabında bildirib ki, bu məsələ Ukrayna rəsmiləri ilə birbaşa şəkildə müzakirə olunacaq və məsələ ilə bağlı rəsmi açıqlama tələb ediləcək.
Eyni zamanda, Pakistan BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynadakı münaqişənin dialoq və diplomatiya yolu ilə, sülh şəraitində həllinə sadiq qaldığını bir daha bəyan edib.