Avropa İttifaqı bütün bəyanatlarına, açıqlamalarına və təkliflərinə rəğmən, olduğundan böyük və güclü görünməyə çalışır. Bunu İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan görüşün baş tutması aşkar göstərdi, əyani şəkildə sübut etdi.
Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Qranada şəhərində beştərəfli formatda (Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Fransa və Almaniya) görüşün keçirilməsi nəzərdə tutulmuşdu.
Danışıqlar və müzakirələrdən ibarət olacaq bu görüşdə əsas mövzu təbii ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması idi.
Habelə, görüşdə Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Ermənistanın işğalında qalmış 8 kəndimizin azad edilməsi, Zəngəzur dəhlizi layihəsi, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası və s. məsələlərin də müzakirəsi nəzərdə tutulmuşdu.
Rəsmi Bakı bu görüşə razı idi, halbuki Şarl Mişel Fransa prezidenti Emmanuel Makronun kuluar təzyiqləri nəticəsində geri çəkilmiş, Brüssel və Kişineudakı üçtərəfli formatı (Azərbaycan, Ermənistan, Avropa İttifaqı) “qəflətən” beştərəfli formata dəyişmişdi.
Bakı ilə İrəvan arasındakı danışıqlarda Vaşinqton və Moskva treklərinin mövcudluğunu, ABŞ ilə Rusiya Federasiyasının müzakirələr marşrutlarında Brüsseli xeyli qabaqlamasını görən E.Makron geriləməni aradan qaldırmaq fikrinə düşmüşdü.
Situasiya gerçəkdən də, Avropa İttifaqının maraqlarının ziddinə idi.
ABŞ diplomatik və vasitəçilik səylərini sürətlə artıraraq Vaşinqton trekini intensivləşdirir, Bakı ilə İrəvan arasında əsas vasitəçi olmağa çalışırdı.
Rusiya isə Qarabağdakı sülhməramlı kontingenti, habelə Azərbaycan və Ermənistanla dayanıqlı əlaqələri hesabına “yerdə” irəli çıxmışdı: məhz Rusiyanın fəallığı, proseslərə müdaxilə imkanları Qərbi narahat edirdi.
Avropa İttifaqı üçtərəfli formatı beştərəfli etməklə, Vaşinqtonla Moskvanı geridə qoymaq, Cənubi Qafqazdakı proseslərə geosiyasi təsir imkanlarına yiyələnmək və yaxın perspektivdə bu imkanları dəfələrlə gücləndirmək niyyətində idi.
Brüssel ciddi geostrateji ssenari hazırladığını düşünürdü. Lakin bu ssenarinin əsas müəllifi Fransa idi və o, iz itirmək üçün Aİ-də özünü iqtisadi lokomotivlə yanaşı, əsas siyasi vahid hesab edən Almaniyanı da özünə situativ müttəfiq etdi.
Emmanuel Makron-Olaf Şolts tandemi Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar başlayandan az sonra rəsmi Kiyevə dəstək kampaniyasında da “lider” olmağa çalışmış, amma mövqe savaşını Britaniyanın artıq sabiq baş naziri Boris Consona uduzmuşdular.
İndisə Paris-Berlin cütlüyü Bakı ilə İrəvan arasındakı münasibətlərin nizamlanması prosesində Vaşinqtonla Moskvanı geridə qoyaraq önə keçməyi planlaşdırıblar.
Lakin onların planları baş tutmadı və baş verənlərin də əsas səbəbkarı Fransadır.
Belə ki, rəsmi Paris Ermənistana və ümumiyyətlə, ermənilərə tam dəstək verərək istisnasız olaraq bütün məsələlərdə, müstəvilərdə və platformalarda aqressiv ermənipərəst mövqe nümayiş etdirir.
Fransa son günlərədək Ermənistanı Hindistan və İran vasitəsilə sürətlə silahlandırmağa üstünlük verirdisə, artıq bu prosesi aşkar reallaşdırmaq qərarına gəlib.
Emmanuel Makron “Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına töhfəzimizi verəcəyik” tipli bəyanatlar verir, Fransanın XİN başçısı Katrin Kolonna İrəvanın “hərbi potensialının inkişaf etdirilməsi zərurəti”ndən bəhs edir, Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşərək “hər cür, genişmiqyaslı dəstək” vəd edir, fransalı senatorlar və deputatlar fasiləsiz olaraq Azərbaycanın ünvanına hədyan ittihamlar səsləndirir, Fransa mediasında ölkəmiz az qala nasist Almaniyası kimi qələmə verilir və s.
Təəccüblü heç nə yoxdur.
Fransa prezidenti Fransua Mitteran Ermənistanın prezidenti Levon Ter-Petrosyanı Parisdə qəbul edərək sensasiya yaratmış, “Paris daim İrəvanın və ermənilərin yanındadır” deyərək erməni aqressivliyinə, işğalçı planlara dəstək olmuşdu.
Parisin ermənilərdən vasitə qismində istifadə etməsi yeni ssenari deyil.
20-ci əsrin əvvəllərində Osmanlı Türkiyəsindəki ermənilərdən üsyanlar, qiyamlar və hakimiyyətə qarşı silahlı mübarizə üçün istifadə edən Fransa yüz minlərlə insanın qətlə yetirilməsində suçludur.
Daha sonra, Sovetlər Birliyi dönəmində də Fransa sürəkli olaraq ermənilərdən Moskvaya qarşı alət kimi istifadə etməyə çalışırdı.
Avropa İttifaqında faktiki geosiyasi güc mərkəzinə çevrilmiş Fransanın avantürist və hətta voluntarist qərarları “qoca qitə”də bir sıra ölkələrin narazılığa səbəb olmuşdu. Britaniyanın “Breksit” keçirərək Aİ-ni tərk etməsinin səbəblərindən biri də Londonla Paris arasındakı bitməyən mübahisələr, daha doğrusu, Parisin Londonu geosiyasi farvaterdə görmək istəyi idi.
Rəsmi Bakı xarici siyasətində daim Fransaya xüsusi yer verib, Parislə əlaqələrin inkişafına və intensivləşməsinə çalışıb, bu istiqamətdə gərəkən bütün addımları atıb. Amma Bakının səyləri nəticəsiz qaldı – Fransanın ermənipərəst mövqeyi 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra ermənilərin isterik dəstəklənməsinə çevrildi.
Fransanın Azərbaycanla bağlı mövqeyi artıq tam aydın, aşkar və konkretdir.
Rəsmi Paris Ermənistanı və ümumiyyətlə, erməniləri tam, total şəkildə dəstəkləyir, birtərəfli siyasət yürüdür. Fransanın Azərbaycandakı səfiri indiyədək bir dəfə olsun belə (!) Şuşaya getməyib.
Beləliklə, Fransa dünyanın müxtəlif məkanlarda Türkiyə və Rusiya ilə geosiyasi qarşıdurmanı Cənubi Qafqaza da inikas etdirərək bölgədəki situasiyanı bilərəkdən gərginləşdirir.
Bütün bunların nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan indi Fransanı ölkəsinin və xalqının təhlükəsizliyinin yeganə etibarlı təminatçısı hesab edir.
Emmanuel Makronun vədlərinə inanan Almaniyanın baş kansleri Olaf Şolts da deyəsən, səhvini anlayıb.
Paşinyanın son vaxtlar Rusiya Federasiyasına qarşı aşkar demarşları, Ermənistanın qətiyyətli şəkildə Rusiyanın təsirindən qurtulmaq cəhdləri və ən nəhayət, Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinin tanınması barədə Roma statutunu ratifikasiya etməsinin də vəsiləsi məhz Parisin verdiyi vədlərdir.
Təbii ki, Fransanın bəhs olunan davranışına, siyasətinə və geosiyasi konstruksiyalarına Bakı laqeyd qala bilməz. Fransanın Cənubi Qafqaz bölgəsində açıq-aşkar destruktiv fəaliyyəti, Türkiyəyə qarşı düşmənçilik qismində dəyərləndirilə biləcək siyasəti Azərbaycanın kəskin etirazlarına səbəb olub.
Qranadadakı görüş və müzakirələrdə Emmanuel Makronun özünə “tərəfdaş” seçdiyi Almaniyanın baş naziri Olaf Şolts necə yanlışlığa yol verdiyini anlayıb.
Rəsmi Bakının etirazı, Qranada görüşünə qatılmaq fikrindən vaz keçməsi Şoltsda dərin narahatlıq yaradıb. Şoltsun dünən Bakıya zəngi əsla təsadüf sayıla bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığa zamanı kansler O.Şolts ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını tam dəsətklədiyini, Brüssel formatını məqbul saydığını vurğulayıb. O, habelə BMT-nin Qarabağda olmuş missiyasının fəaliyyətini yüksək dəyərləndirib.
Rəsmi açıqlamada bu məqamlardan bəhs olunub.
Şoltsun telefon zənginin əsl məramı və məzmunu isə təbii ki, diplomatik ifadələrdə yer almayıb.
Zəngin məqsədi sadədir: Fransanın bütün vədlərinə rəğmən, Parisin bölgəmizlə bağlı geosiyasi ssenarilərində Berlin iştirak etmək istəmir. Daha dəqiq olsaq, Cənubi Qafqaz bölgəsində bundan belə Almaniya Fransa ilə birlikdə, tandem şəklində çıxış etmək niyyətində deyil.
Bu Makronun planlarına və Parisin Azərbaycanla bağlı çirkin ssennarisinə əhəmiyyətli zərbə sayıla bilər.
Fransanın və ümumiyyətlə, kollektiv Qərbin indi Ermənistana total dəstək verməsinin səbəbləri bəllidir.
Fransa və onun farvaterində olan ölkələr Zəngəzur dəhlizi layihəsinin reallaşmasını istəmir, Rusiya Federasiyasının bölgəni maksimal tezliklə tərk etməsini arzulayırlar.
Azərbaycan isə Parisin və digər ermənipərəst güc mərkəzlərinin bölgədəki proseslərə həyasızcasına müdaxiləsinə qarşıdır.
Rusiya, Türkiyə və İran da eyni mövqedədir.
Belədə Ermənistan regiondakı ciddi geosiyasi qüvvələrin mübarizəsində sadəcə, ayaq altında qala bilər.
Elçin Alıoğlu