Ermənistanın Baş naziri Nikol Paşinyan, Milli Assambleyada “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ABŞ-la “Tramp yolu” layihəsinin həyata keçirilməsi üzrə intensiv işlərin aparıldığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Paşinyan qeyd edib ki, layihə region üçün yeni olsa da, onun bir çox mühüm aspektləri var və bütün məsələlər mümkün qədər tez müzakirə ediləcək və həll yolları tapılacaq. O, layihənin həyata keçirilməsinə böyük əzmlə yanaşdıqlarını vurğulayıb.
Baş nazir, həmçinin layihənin əsas hissələrindən sitat gətirərək bildirib: “Üçüncü maddədə xüsusi olaraq qeyd edilir: ‘Biz regionda sülh, sabitlik və qonşuluğun təşviqi məqsədilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına əsaslanan daxili ikitərəfli və dövlətlərarası daşımalar üçün iki ölkə, yəni Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiq etdik.’ Bu səylər Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin yaradılmasına yönələcək, bu da həm beynəlxalq, həm də daxili kommunikasiyalar baxımından qarşılıqlı fayda gətirəcək.”
Paşinyan bu layihənin Ermənistanın inkişafı və regionda daha geniş sülh və sabitlik təmin etməsi üçün mühüm bir addım olduğunu vurğulayıb.


























