Vətəninfo.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan Milli Assambleyasında hökumətlə keçirilən sual-cavab iclasında bildirib ki, ölkəsi heç vaxt Rusiyadan buğda almaqdan imtina etməyəcək. Paşinyan, bununla yanaşı, bazarda digər buğda təkliflərini də qiymətləndirəcəklərini əlavə edib.
“Ermənistan, bazarda başqa hansı təkliflərin olduğunu izləyir və kim buğda satır, ona baxır. Bizə buğda təklifləri varmı? Bəli, təkliflər mövcuddur. Məsələn, biz Qazaxıstandan buğda almışıq və digər satıcılar da qiymət təklif edir. Qiymət və keyfiyyət uyğun olarsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti, İrəvanın siyasi səbəblərdən Moskva ilə əlaqələri kəsmək və Ukraynadan daha bahalı taxıl almaqla Kiyevə dəstək vermək istədiyini iddia etmişdi.
Bundan bir qədər sonra, Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatlarına münasibət bildirərək, onların əsassız olmadığını və verilən məlumatların etibarlı olduğunu vurğulayıb.


























