“Baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ehtimalını istisna etməməsi Ermənistanın daxili siyasi gündəliyi ilə Azərbaycanla sülh prosesinin bir-birinə nə qədər bağlı olduğunu göstərir. Bu açıqlamada həm parlament müxalifətinə ünvanlanan mesaj, həm də danışıqların gələcəyi ilə bağlı siyasi hesablama görmək mümkündür”.
Bu fikirləri şərhində Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Deputatın fikrincə, Paşinyanın açıq bəyanatında seçki variantı yeni konstitusiyaya parlament dəstəyinin əldə edilməyəcəyi halda mümkün addım kimi səslənir:
“Azərbaycan üçün əsas məsələ bu bəyanatın yarada biləcəyi nəticələrə hazır olmaqdır. Ermənistanın daxili siyasi çətinlikləri nəzərə alına bilər, lakin həmin çətinliklərin həlli Azərbaycanın təhlükəsizliyi üçün əhəmiyyətli hüquqi təminatların zəiflədilməsi hesabına baş verməməlidir. Yeni seçkilər mümkündür, amma siyasi baxımdan risklidir. İyun seçkilərindən cəmi bir neçə ay keçməsi növbədənkənar seçkiləri hüquqi baxımdan mümkünsüz etmir. Ermənistan Konstitusiyasında baş nazirin istefasından sonra parlamentin iki cəhddə yeni baş nazir seçə bilməməsi parlamentin buraxılmasına gətirən mexanizmlərdən biridir. Ancaq bu prosedurun mövcudluğu onun yaxın zamanda işə salınacağı demək deyil. Nikol Paşinyanın qarşısındakı problem parlamentdə hökuməti saxlamaq üçün yetərli çoxluqla yeni Konstitusiya layihəsini referenduma çıxarmaq üçün tələb olunan çoxluğun fərqli olmasıdır. İyun seçkilərindən sonra “Vətəndaş müqaviləsi” 105 yerlik parlamentdə 64 mandat əldə edib. Referendum qərarı üçün isə ən azı 70 səs lazımdır. Beləliklə, hakimiyyətin əlavə altı deputatın dəstəyinə ehtiyacı var. Bu şəraitdə növbədənkənar seçki barədə danışmaq müxalifətlə danışıqlarda təzyiq vasitəsi də ola bilər. Paşinyan rəqiblərinə parlamentdəki mövqelərini yenidən seçici sınağına çıxarmaq ehtimalını göstərir. Lakin həmin risk hakim partiyanın özünə də aiddir. Yeni seçkidə əvvəlkindən daha yaxşı nəticə əldə ediləcəyinə zəmanət yoxdur. Üstəlik, parlamentdə lazımi çoxluğun qazanılması belə, referendumun nəticəsini əvvəlcədən müəyyən etmir. Ona görə də belə seçkilərin keçirilməsini müəyyən mənada real, lakin şərtli ssenari kimi qiymətləndirmək olar. Hakimiyyətin bu addımı atması 3 faktordan asılı olacaq: müxalifətlə razılaşma imkanlarından, ictimai dəstəyin səviyyəsindən və yeni seçkinin gətirəcəyi fayda ilə riskin müqayisəsindən”.

Rizvan Nəbiyev vurğulayıb ki, hakim partiya üçün risk yalnız hakimiyyəti itirmək deyil:
““Vətəndaş müqaviləsi”nin mümkün seçkidə üzləşəcəyi riskləri bir neçə səviyyədə qiymətləndirmək lazımdır. Birinci risk seçicinin yenidən seçki keçirilməsinin zəruriliyinə inanıb- inanmaması ilə bağlıdır. Cəmi bir neçə ay əvvəl mandat vermiş vətəndaş haqlı olaraq soruşa bilər: əvvəlki seçki hansı problemi həll etmədi və yeni seçki nəyi dəyişəcək? Hakimiyyət buna inandırıcı cavab verə bilməsə, seçici fəallığının azalması onun əleyhinə işləyə bilər. İkinci risk konstitusiya müzakirəsinin real məzmunundan uzaqlaşdırılaraq “xarici tələbə boyun əymək” mövzusuna çevrilməsi cəhdləri ola bilər. Yəni davamlı sabitliyin əldə edilməsi, de fakto sülhün de yure sülhə çevrilməsi məsələləri niyyətli gözdən salınır, məhz Azərbaycanın tələbələri qarşısında təslimçilik məsələsi şişirdilir. Müxalifət bu xətt üzrə daha geniş səfərbərlik yaratmağa çalışa bilər. Belə kampaniya sülhün mümkün faydaları barədə müzakirəni emosional qarşıdurma ilə əvəz edə bilər. Üçüncü risk sosial-iqtisadi narazılıqların konstitusiya gündəliyi ilə birləşməsidir. Seçici səs verərkən yalnız xarici siyasəti qiymətləndirmir. Gündəlik yaşayış, məşğulluq, dövlət idarəçiliyi və hökumətə etimad da nəticəyə təsir göstərir. Sülh platforması bu sahələrdəki narazılığı avtomatik aradan qaldırmır. Dördüncü risk hakimiyyətin qorunmasına baxmayaraq, məqsədin əldə edilməməsidir. Paşinyanın partiyası yenə birinci ola, hətta hökuməti formalaşdıra bilər, amma 2/3 səs çoxluğu qazana bilməz. Bu halda ölkə yeni seçki mərhələsindən keçər, siyasi gərginlik artar, konstitusiya məsələsində isə əvvəlki maneə qalar. Bunun əksinə, müxalifətin parçalanması, inandırıcı alternativ təqdim edə bilməməsi və cəmiyyətdə sabitlik gözləntisi hakim partiyaya üstünlük verə bilər. Buna görə Paşinyanın məğlubiyyətini əvvəlcədən elan etmək də tam düzgün ssenari deyil. Aktual və etibarlı ictimai rəy məlumatları olmadan riskin faizlə ifadə edilməsi də çətindir. Ona görə də Azərbaycanın mövqeyi şəxslərə deyil, davamlı təminatlara söykənir. Möhkəm hüquqi baza olmadan sülh müqaviləsi imzalana bilməz, imzalansa, real nəticələrə gətirib çıxaracağı mümkün olmayacaq. Bakının Konstitusiya ilə bağlı mövqeyinin mahiyyəti düzgün izah edilməlidir. Ermənistanın hansı dövlət quruluşunu və idarəetmə modelini seçməsi onun daxili məsələsidir. Azərbaycanın marağı isə qonşu dövlətin hüquqi-siyasi sistemində ölkəmizə qarşı ərazi iddialarının gələcəkdə yenidən əsaslandırılmasına imkan verən konstitusion istinadların aradan qaldırılmasıdır. Bu baxımdan məsələ yalnız hazırkı Ermənistan rəhbərliyinin niyyətinə etimad göstərməkdən ibarət deyil. Sülh gələcək hökumətlərin də fəaliyyət göstərəcəyi hüquqi çərçivəyə əsaslanmalıdır”.
Deputat qeyd edib ki, konstitusiya dəyişikliyi təkbaşına bütün təhlükəsizlik risklərini aradan qaldırmır:
“Onu sülh sazişinin aydın müddəaları, qarşılıqlı öhdəliklərin icrası və işlək dövlətlərarası əlaqələr tamamlamalıdır. Ölkəmizin mövqeyini gücləndirən yanaşma məhz hüquqi təminatlarla praktik icra mexanizmlərini birlikdə tələb etməkdir. Əgər növbədənkənar seçki ehtimalından “mövcud rəhbərlik zəifləyə bilər, buna görə Bakı öz mövqeyini yumşaltmalıdır” arqumenti kimi istifadə olunarsa, bu məntiq qəbul edilməməlidir. Ermənistan daxilində siyasi dəstək toplamaq məsuliyyəti həmin ölkənin siyasi qüvvələrinə aiddir. Azərbaycanın təhlükəsizlik maraqlarının bir liderin siyasi taleyinə bağlanması gələcək üçün etibarlı əsas yaratmaz. O ki qaldı Bakı hansı ssenarilərə hazır olmalıdır? Sualına, hesab edirəm ki, ilk ssenari Paşinyanın mövqeyinin güclənməsidir. Bu halda konstitusiya və sülh gündəliyinin irəliləməsi üçün imkan yarana bilər. İkinci ssenari hakimiyyətin zəifləyərək davam etməsidir. Burada əsas risk qərarların ləngiməsi, daxili siyasi hesablamaların danışıqlara daha çox təsir etməsi və məsuliyyətin qarşı tərəfin üzərinə keçirilməsi cəhdləridir. Bakı ünsiyyət kanallarını saxlamaqla, prosesin qeyri-müəyyən müddətə uzanmasına uyğun indikindən fərqli münasibət ortaya qoya bilər. Üçüncü ssenari hakimiyyət dəyişikliyidir. Bu, avtomatik olaraq sülh prosesinin dayanması demək deyil, amma çox böyük risklər yarana bilər. Yeni rəhbərliyin faktiki mövqeyi, əvvəlki razılaşmalara münasibəti və atdığı addımlar əsas götürülməlidir. Azərbaycan müxtəlif siyasi nəticələrlə işləməyə hazır olmalı, öz prinsipial tələblərində ardıcıllığı qorumaqda davam etməlidir. Bütün ssenarilərdə sərhəddə mümkün insidentlərin qarşısının alınması, əlaqə mexanizmlərinin işlək saxlanması və dezinformasiyanın vaxtında təkzibi əhəmiyyətlidir. Seçki ritorikasının sərtləşməsi ilə real təhlükəsizlik addımları bir-birindən fərqləndirilməlidir. Hesab edirəm ki, Azərbaycanın üstünlüyü təmkinli, ardıcıl və əsaslandırılmış mövqedədir. Bakı Ermənistanın daxili siyasi mübarizəsinin iştirakçısına çevrilmədən, bütün tərəfdaşlara aydın mesaj verməlidir: məqsəd sülhün hüquqi əsaslarını möhkəmləndirmək və gələcək qarşıdurma riskini azaltmaqdır. Davamlı sülh seçki təqvimindən və hakimiyyətdəki şəxslərin dəyişməsindən asılı olmayacaq qədər möhkəm qurulmalıdır”.Musavat.com


























