Vətəninfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindən keçid zamanı neytral nəzarət mexanizminin tətbiqi ilə bağlı açıqlama verib. O, bildirib ki, 2022-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçərkən sərhədçilər və gömrükçülərlə təmasdan çəkinəcəkləri barədə fikirlər səslənəndə, rəsmi İrəvan beynəlxalq təcrübədə istifadə olunan front-ofis modelini təklif edib.
“Bəli, siz haqlısınız, biz o zaman bu təklifi vermişdik. Amma qəbul olunmayıbsa, indi belə bir variant var və biz onu müzakirə etməyə hazırıq. Bu, bizim təklifimiz idi,” – deyə Paşinyan qeyd edib.
Baş nazir bildirib ki, texnologiyanın sürətli inkişafı fonunda sərhəd nəzarətində insan faktorunu minimuma endirmək mümkündür. Onun sözlərinə görə, yaxın 5-10 il ərzində biometrik pasportlar və digər rəqəmsal sistemlər hava limanlarında sərnişin nəzarətini tam avtomatlaşdıracaq.
“Əgər bu gün insanı inandırmaq və ya ona rüşvət vermək mümkündürsə, texnologiya bu riskləri aradan qaldırır,” – deyə Paşinyan əlavə edib.
Erməni Apostol Kilsəsi ilə münasibətlərə də toxunan baş nazir ona qarşı yönəlmiş ittihamları rədd edib. Paşinyan bəyan edib ki, Ermənistana vaxtilə sabiq prezident Serj Sarkisyanın təsirindən necə azadlıq gətirilibsə, kilsəyə də eyni şəkildə “azadlıq gətirəcəklərini” vəd edir.
“Heç kim mövcud olmayanı qoruya bilməz. Erməni Apostol Kilsəsi mənim və ailəm üçün müqəddəsdir. Biz nə ediriksə, kilsənin rifahı üçün edirik,” – deyə Paşinyan bildirib.
“Allahın lənətindən qorxmursunuz?” sualına cavab olaraq, Ermənistan lideri “Allah məni lənətləyib?” deyə sual edib və əlavə edib: “Yəqin ki, iqamətgahını murdarlayana, dəyərləri və kilsəni tapdalayana Allah lənət oxuyacaq. Bu, sadə məntiqdir.”
O, Allahla dua və məzmurlar vasitəsilə ünsiyyət qurduğunu vurğulayıb.