Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna tərəfinin siyasi-diplomatik yolla razılığa gəlmək istəməməsi və Avropa ölkələrinin Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik etməsi səbəbindən Ukrayna münaqişəsinin həlli prosesində fasilə yaranıb.
Vətəninfo.az xəbər verir ki, Peskov bu fikirləri ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun “münaqişənin həllini tərəflər arasındakı etimadsızlıq çətinləşdirir” bəyanatını şərh edərkən səsləndirib.
“Hazırda nizamlanma prosesini ləngidən əsas səbəb – Ukrayna tərəfinin siyasi-diplomatik yola getmək istəməməsi və Avropanın Kiyev rejimini döyüşləri davam etdirməyə təhrik etməsidir,” – deyə Kremlin sözçüsü qeyd edib.
O həmçinin vurğulayıb ki, hərbi əməliyyatlar hər keçən gün Ukraynanın mövqelərini daha da çətinləşdirir.
Peskov əlavə edib ki, hazırda Rusiya və Ukrayna arasında qarşılıqlı etimad mövcud deyil.
“İndi hər hansı qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bu, etimadın çatışmazlığı deyil, onun tamamilə olmamasıdır,” – deyə o qeyd edib.


























