image-reklam-veteninfo
image-1backend

Prezident Bakıda açılış etdi

image-reklam-veteninfo
Prezident İlham Əliyev Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Vətəninfo.az  xəbər verir ki, layihə barədə dövlət başçısına elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 20 hektar nəzərdə tutulan “SABAH.city” layihəsinin ilk mərhələsi 5 hektardan çox ərazini əhatə edir. Bu mərhələdə ümumi sahəsi 20 min kvadratmetr olan, bir-biri ilə əlaqəli 4 korpusdan ibarət kompleks yaradılıb. Tikinti işlərinə 2025-ci ilin oktyabrında başlanılıb.

İnnovasiya şəhərciyində tələbələrin təhsil və praktiki fəaliyyətinin birləşdirilməsi üçün müxtəlif imkanlar yaradılıb. Burada 5 restoran, market, tədbirlər zalı, basketbol və futbol meydançaları, 2 padel kortu, istirahət zonaları, piyada və velosiped yolları, həmçinin parklanma sahələri salınıb.

“SABAH.city”də Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər üzrə təhsil alan 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb olunması planlaşdırılır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra gündəlik ziyarətçi sayının 3 min nəfərə çatacağı gözlənilir.

Şəhərcikdə süni intellekt və innovasiya istiqamətində də müxtəlif layihələr həyata keçirilir. Burada ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Süni İntellekt Assistent” layihəsi fəaliyyət göstərir.

ASAN Süni İntellekt Mərkəzinin əsas məqsədi süni intellekt sahəsində yeni təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, biznes nümayəndələrini və fərdi istifadəçiləri vahid rəqəmsal platformada birləşdirməkdir. Mərkəz tərəfindən indiyədək 50 süni intellekt həlli təqdim olunub.

Mərkəz ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də Çin, Böyük Britaniya və Türkiyənin bir sıra universitetləri ilə əməkdaşlıq edir.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin də fəaliyyəti nəticəsində indiyədək 150 startap dəstək proqramlarından yararlanıb. Onlardan 4-ü xarici investorlar tərəfindən satın alınıb.

“Süni İntellekt Assistent” platforması isə vətəndaşlara “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatı söhbət formatında əldə etmək, eləcə də məlumatları təhlil etmək və proqnozlaşdırmaq imkanı verir.

“SABAH.city”də üç ali məktəb tərəfindən 13 tədris və tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya və telekommunikasiya daxil olmaqla müxtəlif elmi-texnoloji istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur.

Bundan başqa, şəhərcikdə 12 startap üçün kovorkinq zonası və texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri üçün 22 ofis sahəsi yaradılıb.

Layihənin ilk mərhələsində 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya şirkəti və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı fəaliyyət göstərəcək.

“SABAH.city”nin yaradılmasında əsas məqsəd elm, təhsil, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən əsas tərəfləri vahid məkanda birləşdirmək və onların əməkdaşlığı üçün yeni imkanlar yaratmaqdır. Layihənin uzunmüddətli perspektivdə insan kapitalının inkişafına, tətbiqi elmin genişləndirilməsinə və texnologiyaların iqtisadi dəyərə çevrilməsinə töhfə verməsi gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki