image-3backend

Prezident İlham Əliyevin Rusiyadan dünyaya mühüm mesajları

image-reklam_sirab_01

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verərək önəmli məsələlərə toxunub.  

 Prezidentlərin görüşü Azərbaycanla Rusiyanın münasibətlərinin olduqca isti olduğunu göstərdi. Bunu Rusiya Prezidenti Vladimir Putin də öz çıxışı zamanı vurğulayıb. Rusiya prezidenti bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər: “Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, – deyə Vladimir Putin bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iki ölkə arasında müttəfiqlikdən bəhs edib. Prezident vurğulayıb ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi:  “Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”,- deyə Prezident qeyd etdi.

Qeyd edilməlidir ki, 2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Prezident İlham Əliyev Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxunub. Ölkə başçısı qeyd edib ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. Ermənilər bu ərazimizdə də olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

İndi Laçının MDB-nin mədəniyyət paytaxtı olması həm də bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan daha bir siyasi uğurumuzdur. Azərbaycan Prezidenti çıxışı zamanı vurğulayıb ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.

Hazırda Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün artıq silsilə tədbirlər başlayıb, COP29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Prezident bu barədə vurğuladı ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Azərbaycan prezidentinin xalqımızın İkinci Dünya müharibəsi qələbəsində mühüm rolunu qeyd etməsi də önəmli bir nüans idi. Prezident Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söyləyib: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı.”

 Onu da qeyd edək ki, Azərbaycan Prezidenti ötən gün “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə də çox mühüm məqamlara toxunub. Prezident Amerikanın Azərbaycana qarşı qərəzindən danışaraq bildirib ki, “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

 Azərbaycan Prezidenti müsahibəti zamanı olduqca önəmli məsələyə toxunub. Prezident bildirib ki, bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi: “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu, nankorluqdur…”

                       Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki