image-reklam-veteninfo
image-default-1backend

Prezidentin avtomobili atəşə tutuldu – 5 nəfər həbs edildi 

image-reklam-veteninfo

Ekvador Prezidenti Daniel Noboanın avtomobili Kanyar əyalətində baş verən insident zamanı etirazçıların hücumuna məruz qalıb. Vətəninfo.az Reuters-ə istinadən xəbər verir ki, təxminən 500 nəfərlik qrup prezidentin tədbirə yaxınlaşdığı vaxt avtomobili mühasirəyə alaraq daş atıb.

Hökumətin məlumatına görə, sonradan prezidentin avtomobilində güllə izləri aşkar edilib.

Ekvadorun ətraf mühit və energetika naziri İnes Manzano hadisədən sonra bəyanat yayaraq bunun sui-qəsd cəhdi kimi araşdırıldığını bildirib. Onun sözlərinə görə, prezident Noboaya xəsarət dəyməyib, hadisə ilə bağlı beş nəfər saxlanılıb.

“Prezidentin avtomobilinə atəş açmaq, daş atmaq və ictimai əmlaka zərər vermək cinayətdir. Biz buna imkan verməyəcəyik,” – deyə Manzano vurğulayıb.

Hadisə ilə bağlı Yerli Xalqların Milli Federasiyası (CONAIE) isə fərqli açıqlama verib. Qurum bildirib ki, Noboanın gəlişi ərəfəsində “zorakı polis və hərbi əməliyyatlar” həyata keçirilib və hücuma məruz qalanlar arasında yaşlı qadınlar da olub.

CONAIE-nin “X” sosial şəbəkəsindəki paylaşımında “Ən azı beşimizi özbaşına həbs etdilər” ifadəsi yer alıb.

Qeyd edək ki, 16 gün əvvəl CONAIE hökumətin dizel yanacağına subsidiyaların ləğvi qərarına etiraz olaraq ölkə miqyasında tətil və etiraz aksiyaları təşkil etmiş, bir sıra yolları bağlamışdı.

Prezident administrasiyası hadisə ilə bağlı görüntülər də yayıb. Videoda insanların avtomobilə daş atdığı, şüşələrin sındığı görünür. Paylaşılan fotolarda da avtomobilin ön şüşəsinin və pəncərələrinin zədələndiyi əks olunur. Lakin kadrlardan atəş açılıb-açılmadığı tam aydın deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki