Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampla telefon danışığından dərhal sonra Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin söhbətin detalları barədə Şura üzvlərinə ətraflı məlumat təqdim edib:
“Dünən axşam saatlarında prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığından dərhal sonra Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə dəvət etdi və onlara amerikalı həmkarı ilə fikir mübadiləsinin məzmununu geniş şəkildə təqdim etdi”, – deyə Uşakov Kremlin mətbuat xidmətinə istinadla bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında iki aydan sonra ilk telefon danışığı baş tutub. Təxminən iki saat davam edən danışıqların məhsuldar keçdiyi bildirilib. Tərəflər Budapeştdə şəxsi görüş keçirmək barədə razılığa gəliblər.
ABŞ prezidenti Tramp, həmçinin, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün danışıqlara ümidvar olduğunu ifadə edib.