Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparmağa hazır olduqlarını bildirib.
Vətəninfo.az xəbər verir ki, o, müvəqqəti atəşkəs deyil, hər iki ölkənin təhlükəsizliyini təmin edəcək hərtərəfli və uzunmüddətli sülh sazişinin tərəfdarı olduğunu vurğulayıb.
Putin “Rossiya” dövlət televiziyasına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi itkiləri ilə bağlı fikirlərinə münasibət bildirib.
Rusiya lideri nəzarətə götürülən ərazilərin tarixi baxımdan Rusiya torpaqları olduğunu və həmin ərazilərdə yaşayan insanların Rusiya Federasiyasına qoşulmaq üçün səs verdiyini iddia edib. O, bu səbəbdən “ərazi itkisi” ifadəsinin düzgün olmadığını söyləyib.
Putin Avropa ölkələrində Rusiyadan gələn təhlükə ilə bağlı səsləndirilən bəyanatları “siyasi şizofreniya” adlandırıb. O, bu yanaşmanın gələcəkdə dəyişəcəyinə ümid etdiyini qeyd edib.
Rusiya Prezidenti ruslar və ukraynalıların faktiki olaraq eyni xalq olduğunu bildirib. Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında bütün məsələlər üzrə razılığa gəlmək mümkündür.
Bununla yanaşı, Putin Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin qarşıya qoyulan bütün məqsədlərinə çatacağını da bildirib.


























