Qəbələ şəhərində oktyabrın 6 və 7-də Türk Dövlətləri Təşkilatının (TDT) növbəti zirvə toplantısı keçirilir. Bu dəfəki sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” olaraq müəyyən edilib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, bu mövzu təsadüfi seçilməyib. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin təsirinin regiona keçmə ehtimalı mövcuddur. Bu səbəbdən türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.
Ekspertin fikrincə, türk dövlətləri arasında yalnız siyasi və iqtisadi deyil, həm də hərbi-texniki sahədə əməkdaşlıq yolları araşdırılmalıdır. Bu istiqamətə birgə hərbi təlimlərin keçirilməsi, hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılması kimi təkliflər daxildir.
Elxan Şahinoğlu qeyd edib ki, beynəlxalq aləmdə TDT-yə iki yanaşma mövcuddur:
Birinci – müsbət yanaşmadır. Bu mövqeni ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri tutur. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanı təhlükə deyil, əksinə faydalı proses kimi qiymətləndirir. Bu səbəbdən də Qərb dairələri Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir. Politoloqun sözlərinə görə, bu layihə türk dünyasında inteqrasiyanı gücləndirəcək əsas təşəbbüslərdən biridir.
İkinci yanaşma isə mənfidir və bu mövqedə olan ölkələr – Rusiya, Çin və İrandır. Şahinoğlunun fikrincə, bu ölkələrin rəsmiləri açıq şəkildə TDT-yə qarşı çıxmasalar da, təşkilat daxilindəki inteqrasiya proseslərini özləri üçün təhlükə kimi görürlər. Bu ölkələr qonşularının da Qərblə qarşıdurma siyasətinə qoşulmasını istəyir. Halbuki, türk dövlətləri Qərblə dialoq içərisində olmaq siyasətinə üstünlük verir.
Politoloq əlavə edib ki, Türk birliyi heç bir ölkəyə qarşı yönəlməyib və onun əsas məqsədi türk dövlətlərinin müstəqil inkişafını təmin edən inteqrasiyanı dərinləşdirməkdir.
Zirvə görüşündə Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatarın da iştirakı gözlənilir. Tatarın TDT çərçivəsində Azərbaycanda keçirilən bütün toplantılara dəvət alması bu bölgənin təşkilata olan marağını və dəstəyini göstərir. Türkiyə artıq ŞKTR-in müşahidəçi statusundan tamhüquqlu üzv statusuna keçidini dəstəkləyib. Azərbaycanın da bu təşəbbüsə hazır olduğu bildirilir, qərar isə Mərkəzi Asiya ölkələrinin liderlərinə aiddir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan şəhərində təsis olunub və ötən dövr ərzində siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq davamlı şəkildə genişlənib.