image-415392800backend

Qeyri neft sektorunun inkişafına təkan verən  Ələt Azad İqtisadi Zonası

image-reklam_sirab_01

Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.

Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin – xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir.

Bununla əlaqədar olaraq, xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncam imzalanmışdır.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmış, həmçinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu təsis edilmişdir. Yeni yaradılmış azad iqtisadi zonanın ərazisi Ələt qəsəbəsinin bir hissəsi olan paytaxt Bakıdan 65 kilometr cənubda Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqları əhatə edir. Ələt qəsəbəsindəki ən böyük Xəzər limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilmişdir. Ələt AİZ əvvəlcə üç sahəyə yayılmış təxminən 850 hektar sahəni əhatə edəcəkdir.

Qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

– Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;

– cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;

– Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);

– Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;

– Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir).

Xidmət göstərilən sənaye sahələri iş üçün 2022-ci ilin mart-aprel aylarında, ofis yaşayış yerləri 2022-ci ilin iyul ayında açılacaqdır. Layihənin 2.1 mərhələsi 2022-ci ilədək planlaşdırılır, burada bitişik 84 hektar sahə iş yerləri üçün bir sıra yeni sahələrlə inkişaf etdiriləcəkdir.

Şəmilova Dünya Mərdan

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki