“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platformasının yaradılması lahiyəsinin icrasına başlayıb.
Veteninfo.az xəbər verir ki, layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, həmçinin Azərbaycanda yaşayıb xaricdə Azərbaycanı təmsil edən şəxslərdən videoreportajlar və müsahibələr hazırlanacaq.
Bu reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim oluancaqdır.
Videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.
Layihə çərçivəsində qurulmuş əlaqələr onlayn platforma şəklində birgə fəaliyyətə çevriləcəkdir. Eyni zamanda xaricdə yaşayan soydaşlarımızın və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızın iştirakı ilə milli maraqlarımızın təbliği istiqamətində onlayn platformada konfrans keçirilməsi nəzərdə tutulmuşdur.
Layihədə virtual media mədəniyyəti, informasiyanın dəqiq və tərəfsizliyinə əmin olmaq yolları, sosial mediada milli maraqların qorunması haqqında gənclərə təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd cəmiyyətdə sağlam oxucu auditoriyası yaratmaq və bu auditoriya vasitəsi ilə qərəzli, əsassız informasiyaları sıradan çıxarmaqdır.
Layihənin məqsədi xaricdə yaşayan, işləyən və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı sosial media vasitəsilə milli maraqların təbliğatçısına çevirmək, Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaqdan ibarətdir.