Qırğızıstanda yeni təbii qaz yatağı kəşf edilib. Aşkarlanan mənbənin ölkənin bəzi yaşayış məntəqələrinin qaz təminatına mühüm töhfə verəcəyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, Qırğızıstan mətbuatının məlumatına görə, bu barədə “Qırğızneftqaz” şirkəti açıqlama yayıb.
Məlumata əsasən, Mayluu-Suu rayonunda aşkarlanan qaz mənbəyinin gündəlik məhsuldarlığı 40 min kubmetrdən çoxdur. Bu göstəricinin Koçkor-Ata şəhərini və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcəyi qeyd olunur.
“Qırğızneftqaz” ASC-nin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev bildirib ki, son 10–15 il ərzində müəssisədə bu qədər yüksək məhsuldarlığa malik qaz mənbəyi qeydə alınmayıb.
Yeni yatağın kəşfi Qırğızıstanın daxili qaz ehtiyatlarının artırılması və enerji təminatının gücləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.


























