Qubada Yeni Azərbaycan Partiyasının(YAP) təşkilatçılığı ilə “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Veteninfo.az-ın verdiyi xəbərə görə, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Qeyd edək ki, Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikasının Baş prokurorunun 1-ci müavini Elçin Məmmədov, Xarici İşlər nazirinin birinci müavini Elnur Məmmədov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Milli Məclisin deputatı Anar İsgəndərov çıxışlar edəcək. Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edir.
Tədbirin sonunda elmi-praktiki konfransın iştirakçıları adından bəyanat qəbul olunacaq.