image-reklam-veteninfo
image-qubadbackend

Qubad İbadoğlundan yeni rekord – bir cümlədə beş yalan

image-reklam-veteninfo

Qubad İbadoğlu Cavanşir Feyziyevin müsahibəsinə istinadən verdiyi açıqlamada özü özünü təkzib və ifşa edib.

O yazır:  “Cavanşir Feyziyevin əməlində cinayət tərkibi olduğuna, Azərbaycanın adını bütün dünyada biabır etdiyinə görə onun parlamentdə qalmağa nə mənəvi, nə də siyasi haqqı çatır. Cavanşir Feyziyev kimilərinin əməllərinə görə Azərbaycan beynəlxalq səviyyədə korrupsioner ölkə kimi tanınır, ölkəyə normal xarici investor gəlmir, belələrinə görə ölkədə keyfiyyətsiz və bahalı dərmanlar satılır, nəticədə alıcılar xəstəlikdən və yoxsulluqdan qoruna bilmirlər.”

Tək bir cümləsində Qubad İbadoğlu beş dəfə yalan danışıb.

Birincisi, Cavanşir Feyziyevin əməlində nəinki cinayət əməli yoxdur, ümumiyyətlə heç bir günahı yoxdur. Ona görə də Britaniya Milli Cinayət Agentliyi onun ailə üzvlərinə qarşı cinayət işi yox, mülki iş açıb. İşin bütün təfərrüatları məhkəmə saytında açıqdır. Məhkəmə hakimi öz qərarında nə Cavanşir Feyziyevin və nə də ailə üzvlərinin Beynəlxalq bankda baş vermiş cinayətlə və ya hər hansı korrupsiya əməli ilə bağlılığının olmadığını ayrıca vurğulayıb. Hakim Qubad İbadoğlunun yazdığı kimi, Cavanşir Feyziyevin “malikanəsinə” və depozit hesablarına həbs qoymayıb, əksinə 10 milyon funt sterlinqin öz sahiblərinə, yəni Cavanşir Feyziyevin ailə üzvlərinə qaytarılmasını əmr edib. İngilis dilində “Magistrates Court” sözünü üzündən düzgün oxuya bilməyən adamın qətnaməni də bu cür baş-ayaq anlaması heç də təəccüblü deyil. İnanmasanız Qubad İbadoğlunun FB-dakı  video-postuna baxın, amma “professorun” ingiliscəsinə gülməyin, ayıbdır.

İkincisi, Qubad İbadoğlu  guya Cavanşir Feyziyevin Azərbaycanın adını bütün dünyada biabır etdiyini yazır. Cavanşir Feyziyev hələ 90-cı illərdən etibarən Azərbaycanda  Avropa üslubunda ilk biznes fəaliyyətlərini təşkil edən ən uğurlu iş adamı olub. Cavanşir Feyziyev biznes həyatında dünyanın ən tanınmış şirkətləri ilə uğurlu əməkdaşlıq edib və Azərbaycanı bütün dünyada biznes üçün ən yaxşı ölkələrdən biri kimi tanıtdırıb. Minlərlə iş yeri yaradıb, işçilərinə ən yüksək maaş verib və bütün ömrü boyu xeyriyyəçiliklə məşğul olub. Avropanın ən böyük şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğuna görə 2000-ci illərin əvvəllərində Avropa Biznes Assambleyası tərəfindən “Şöhrət çələngi” beynəlxalq mükafatına layiq görülüb.

Deputat seçildikdən sonra isə beynəlxalq münasibətlər komitəsinin üzvü kimi dünyanın bir çox ölkələrində və beynəlxalq təşkilatlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib, münaqişə ilə bağlı Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımının təfərrüatlarının dünyaya çatdırılmasında ən fəal deputatlardan biri olub. Bütün bunlar mətbuatdan da hamıya məlum olan həqiqətlərdir.

Cavanşir Feyziyev xalqımız və dövlətimiz üçün bunları etdiyi bir zamanda  Qubad Ibadoğlu nə ilə məşğul idi? Erməni lobbisi tərəfindən maliyyələşən və Azərbaycan əleyhinə dünya miqyasında qarayaxma kampaniyası aparan OCCRP, Human Rights Watch və Transparency İnternational kimi beynəlxalq QHT-lərə Azərbaycan dövlətinə və Prezidentinə qarşı “donos”lar yazaraq Azərbaycanı dünyada biabır etməyə çalışıb və elə indi də bu işlə məşğuldur. Cavanşir Feyziyev isə həmişə onun kimi xainlərin Azərbaycan haqqında yaratdığı mənfi imici müsbətə doğru dəyişməyə çalışıb. İndi deyin görək, kimdir Azərbaycanı dünyada biabır edən?

Üçüncüsü, Gubad İbadoğlu yazır ki, “… C. Feyziyev kimilərinə görə Azərbaycan dünyada korrupsioner ölkə kimi tanınıb…”

Cavanşir Feyziyev ömründə bir gün də olsa dövlət məmuru vəzifəsi tutmayıb və buna görə də ömrü boyu korrupsiyadan uzaq olub, pullarını isə bütün xalqın gözü qarşısında öz zəhməti ilə qazanıb. Qazandığı pulları xalqın ən həssas təbəqəsi ilə səmimiyyətlə və təmənnasız olaraq bölüşüb. Yüzlərlə kasıb adamların cərrahiyyə əməliyyatları, yüzlərlə kasıb tələbənin təhsil haqları onun şəxsi vəsaitindən ödənilib, onlarla gənc tələbə xaricdə təhsil almağa göndərilib, onlarla kənddə subartezian quyuları qazılıb, məktəblər tikilib, onlarla ziyalının bədii və elmi irsi olan dəyərli  kitablar onun təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr olunub. Pandemiya dövründə dəfələrlə minlərlə ailəyə ərzaq və maliyyə yardımı göstərib. Qubad İbadoğlu bütün bunları korrupsiya hesab edir?

Dördüncüsü, Qubad İbadoğlu iddia edir ki, guya “Cavanşir Feyziyevə görə ölkəyə normal xarici investor gəlmir”. Bunu demək üçün adam gərək zır savadsız olsun. Məgər özünü “alim” və “professor” kimi təqdim edən Qubad İbadoğlu bilmir ki, son 30 ildə Azərbaycana nə qədər xarici  investisiya qoyulub?  Bilmirsə, öz doğma qardaşı, hörmətli iqtisadçı alim Vüqar Bayramovun yazdığı statistikanı öyrənsin. Gubad İbadoğlunun qardaşı Vüqar Bayramov belə yazır: “… Son 15 ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşür. Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir. “The Economist Intelligence Unit”in dərc etdirdiyi “Qlobal Yaşam İndeksi Hesabatı”nda Bakı dünyanın yaşam şərtləri yüksək olan şəhərləri sırasına daxil edilib.” Bütövlükdə müstəqillik dövründə qoyulmuş bütün xarici sərmayələrin ümumi həcmi isə 300 milyardı ötüb. Deyin görək, Qubad Ibadoğlu  yalan danışır, yoxsa onun doğma qardaşı ?!

Beşincisi, Qubad İbadoğlu yazır ki, “… belələrinə görə ölkədə keyfiyyətsiz və bahalı dərmanlar satılır, nəticədə alıcılar xəstəlikdən və yoxsulluqdan qoruna bilmirlər”.

Qubad İbadoğlu bilməlidir ki, 2002-ci ildə Cavanşir Feyziyev Avromedin rəhbərliyinə gələnədək əhali yalnız sovet istehsalı olan Rusiya, Belarus, Ukrayna dərmanlarını, xarici istehsal kimi isə yalnız  Çin və Hindistan dərmanlarını çörək əvəzinə yeyirdilər. Azərbaycan əczaçılıq bazarına Avropa və Amerika istehsalçılarından  dərman preparatlarının birbaşa idxalı məhz Cavanşir Feyziyevin rəhbərliyi altında Avromed şirkəti tərəfindən olub. Əczaçılıq bazarında qanuni hesab-faktura ilə dərman satışı ilk dəfə Avromed tərəfindən həyata keçirilib. Bunu aptekçilər də, xəstəxanalar da və bütün ölkə boyunca Avromed şirkətində işləyənlər də yaxşı bilirlər. İlk dəfə Cavanşir Feyziyev dövlət televiziyasının ekranından xəstələrə düzgün resept yazılmadığını, həddindən artıq dərman yazıldığını tənqid edib. İlk dəfə Cavanşir Feyziyev dərman preparatlarının qiymətlərinə dövlət tərəfindən nəzarət olunmasının vacibliyini bildirib və qiymətlərin dövlət tərəfindən tənzimlənməsini təklif edib. Qubad İbadoğlu bütün bunları bilmirsə araşdırıb öyrənə bilər, amma bilmədiyi iyrənc şeyləri də ağzına almasın gərək.

Sadaladığım faktların hamısını təsdiq edən sənədlər mənim iş otağımdadır. Bilirsiz niyə? Çünki mən 10 il Milli Məclisdə deputat Cavanşir Feyziyevin köməkçisi vəzifəsində işləmişəm və onun ünvanına gələn bütün müraciətlər, deputatın cavabları və eləcə də gördüyü tədbirlərin hamısı şəxsən mənim tərəfimdən sənədləşdirilib. Bütün bunları Şəkidə və ümumiyyətlə, ölkədə bilməyən adam çox az olardı ki, onlardan biri də Qubad İbadoğludur.

Bütün bunlar Cavanşir Feyziyevin gördüyü işlərin qısa və yarımçıq təsviridir.

Bəs bir cümləsində 5 dəfə yalan danışan Qubad İbadoğlu bu xalqa və dövlətə hansı xidmətləri göstərib? Ömrü boyu dövlətə və ölkənin nüfuzlu adamlarına böhtan atmaqla kimə və nəyə xidmət edib?

Bu sualların araşdırılmasını vacib hesab edərək mən bir jurnalist kimi bu gündən etibarən Qubad İbadoğlunun və Cəmil Həsənlinin həyat və yaradıcılığını araşdırmağa başlayıram.  Ədalət naminə, mən əvvəlcə onların yaxşı işlərini öyrənmək istəyirəm və  oxuculardan və elə onların özlərindən də xahiş edirəm: Qubad İbadoğlunun və Cəmil Həsənlinin ölkə və xalqa hansı faydanı verdikləri haqqında nə isə bilən varsa, mənimlə əlaqə yaradıb məlumatlarını bu elektron ünvanıma göndərsinlər: [email protected]

Daha sonra öz uğursuzluqlarının günahını öz intelektlərində və qüsurlu iddialarında yox, başqalarının uğurlu olmasında görən bu zavallıların siyasi oyunbazlıqlarını araşdıracağam və nəticələrini tezliklə oxuculara təqdim etməyə çalışacağam. Hörmətli həmkarlarımdan bu barədə də əldə etdikləri məlumatları mənimlə bölüşməklərini xahiş edirəm.

Akif Salam

Əməkdar jurnalist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki