Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket üsullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil. 2007-ci ildə “Tovuz Baltiya” şirkət də “boz kardinal”ın sərhədsiz iştahına tuş gəlib. O gün, bu gün!
![]()
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) “Tovuz Baltiya”nın borcı sıfır olduğu halda, “Yelo Bank” şirkətdən 1,5 milyon manat tələb edir. Dəyəri 14 milyon manat olan nəhəng istehsal müəssisəsini cəmi 447 min manata qiymətləndirilərək ələ keçiriblər. Adi hesab maşını bu rəqəmləri hesablaya bilər, bəs bu absurd ziddiyyəti kim izah edəcək?
Söhbət kiçik ticarət obyektindən deyil, illərlə qurulmuş şərab zavodundan, un kombinatından, yüzlərlə iş yerindən və ölkəni xaricdə layiqincə təmsil edən istehsal müəssisəsindən gedir.
MKR-də borc “0,00” manat olduğu halda, bank 1 milyon 577 min manatlıq iddia irəli sürür. Lakin borcun məbləğini müəyyənləşdirmək üçün təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasına zəruri ilkin maliyyə sənədləri 34 ay ərzində bank tərəfindən məhkəməyə təqdim olunmur.
Tovuz Rayon Məhkəməsi bankın bu addımına seyrçi qalır, hakimlər bankın maraqlarına yaxın mövqe tuturlar. Borcun olub-olmadığı qaranlıq qalsa da, 14 milyonluq əmlak dərhal 447 min manata payi-mal edilir. “Tovuz Baltiya”nın qurucu sahibkarı Naiq Məmmədhəsənovun üzləşdiyi bu olay adi kredit mübahisəsi olmaqdan çoxdan çıxıb.
1994-cü ildə “Ülpər Bank”, sonralar “Nikoil Bank”, bu gün isə “Yelo Bank” adlanan qurumun addımları və bəzi məhkəmələrin ədalətsizliyi ölkədə mülkiyyət hüququna qəsdə bərabərdir.
Bəzən bir işin mahiyyətini yüzlərlə səhifədən daha yaxşı 3 rəqəm aça bilir. Bu işdə də belədir – MKR-də “Tovuz Baltiya”nın sıfır manat borcu göründüyü halda, “Yelo Bank” 1,5 milyon manatlıq tələb irəli sürür və məhkəmə 14 milyonluq əmlaka 447 min manat qiymət qoyulmasına “təbii” yanaşır və illərlə kərpic-kərpic böyüdülən “Tovuz Baltiya” əmlakını “Yelo Bank”a ötürür. Dünya belə haqsızlıq, ədalətsizlik görməyib!
3 milyon manatlıq güzəştli kredit vədi necə ortaya çıxdı, sahibkar niyə iddiadan imtina etdi, 863 min manatlıq kredit necə bağlandı və sıfır borc hesabatından sonra bu milyon yarımlıq iddia hansı əsasla irəli sürüldü?
Ötən yazıda “Yelo Bank”ın 2007-ci ildə “Tovuz-Baltiya” MMC-yə 24 aylıq, 18 faizlə kredit verməsi, kreditin 5-ci ayında, 3 aprel 2008-ci ildə bankın MMC-ni məhkəməyə verərək kredit üzrə ödənişlərin aparılmadığını iddia etməsi ilə başlayan məhkəmə araşdırmalar haqda xəbər vermişdik.
O zaman məhkəmə araşdırmaları ilə bankın iddiasının tam əsassız olması, kredit ödənişlərinin sahibkar tərəfindən vaxtında həyata keçirildiyi üzə çıxır. Məhkəmə kreditin təminatı olaraq girov qoyulan “Tovuz Baltiya”nın 983 min 934 manatlıq konyak spirtini borca tutur, qalan hissəni girovdan azad edir. Prosesin bu cür gedişatı qarşı tərəfin “Tovuz Baltiya”nın yüksək keyfiyyətli, unikallığı ilə seçilən, real bazar dəyəri milyonlarla ölçülən konyak spirtinin ələ keçirilməsi və Ramiz Mehdiyevin Bakının Mehdiabad qəsəbəsindəki şərab-konyak zavoduna daşınmasına dair planlarını alt-üst edir. Sahibkar bankın qanunsuz iddiasından yaxa qurtarandan sonra hərəkətə keçir.

Girovdan azad olunmuş konyak spirtini satmaq üçün Dağıstanın “Kizlyar Konyak Zavodu” ilə 4 milyon 200 min avro dəyərində müqavilə bağlayır və keyfiyyətli konyak spirti zavoda göndərilir. Bundan xəbər tutan “Yelo Bank” növbəti təxribata əl atır. Bank Dağıstan gömrüyünə məktub yazaraq konyak spirtinin keyfiyyətsiz olduğu haqda yalan və böhtandan ibarət məlumat verir.
Bu məktubla Azərbaycandan ixrac olunan yüksək keyfiyyətli məhsulun satışı qərəzli şəkildə sabotaj olunur. Dağıstan gömrüyü “Yelo Bank”ın yalan məlumatına əsaslanaraq malı geri qaytarmaq haqda göstəriş verir.
“Tovuz Baltiya” Dağıstan gömrüyünə malın yüksək keyfiyyətli olması, dünyada qəbul olunan SGS (Société Générale de Surveillance) laboratoriyasının sertifikatı əsasında göndərildiyi haqda rəsmi etiraz bildirir. Eyni zamanda, Dağıstan Arbitraj Məhkəməsinə iddia təqdim etməklə Dağıstan gömrüyünün hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir.
Dağıstan Arbitraj Məhkəməsi konyak spirtindən nümunələr götürərək Rusiya Federal Akkreditasiya Laboratoriyasına göndərir və məhsulun yüksək standartlara cavab verdiyi təsdiqlənir. Məhkəmə malın “Kizlyar Konyak Zavodu”na boşaldılmasına qərar verir. Qərarda qatarların boş dayanmasına görə hesablanan vəsaitin və laboratoriya xərclərinin Dağıstan gömrüyündən tutulması da əksini tapır. Bununla da “Yelo Bank”ın növbəti məkrli planı darmadağın edilir.

Lakin “Yelo Bank”ın badalaqları bitib-tükənmir. Bu dəfə bank “Kizlyar Konyak Zavodu”na daha bir böhtan dolu məktub yazır. Məktubda “Tovuz Baltiya”nın sahibi Naiq Məmmədhəsənovun riskli partnyor olması, ölkədən çıxışına qadağa qoyulması və digər ləkələyici məlumatlar yer alır. Bu məktubdan sonra zavod “Tovuz Baltiya”ya rəsmi məktub yazaraq məhkəmə çəkişməsi bitənə qədər 4 milyon 200 min avroluq müqavilənin dayandırıldığını bildirir.
2012-ci ildə zavoddan göndərilən bu məktubdan sonra məhkəmələr hələ də bitməyib. “Yelo Bank” ən müxtəlif iddialarla məhkəmə çəkişmələrini davam etdirir, bununla da “Tovuz Baltiya”nın ixrac əməliyyatları əngəllənir. Nəticədə Azərbaycanın beynəlxalq əlaqələri ilə seçilən azsaylı şirkətlərindən olan “Tovuz Baltiya” iflic duruma salınıb. Fransanın Konyak şəhəri ilə Tovuzu qardaşlaşdırmış, Azərbaycanın sərhəd bölgəsində fəaliyyət göstərən, yüzlərlə işçisi olan şirkəti məhkəmələrə çəkməklə inkişafının qarşısı alınıb, ölkəyə valyuta axınına da zərbə vurulub.
Bu böhtan dolu məktubdan sonra “Yelo Bank” “Tovuz Baltiya”nın girovdan azad olmuş konyak spirti saxlanan anbarlarını qanunsuz olaraq bağlı saxlatdırır və saxta qiymət arayışları ilə konyak spirtinin real bazar dəyərindən 7–13 dəfə ucuz qiymətə hərraca çıxarılmasına nail olur.
Sahibkar haqsızlığın qarşısını almaq üçün Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək anbarların qanunsuz bağlı saxlanması, qanunsuz hərracın ləğvi və dəymiş ziyanın ödənməsinə dair iddia ərizəsi verir.
Hakim Qurban Abbasovun sədrliyi ilə məhkəmə araşdırmaları başlayır, iş üzrə qiymətləndirmə ekspertizası təyin olunur. Məlum olur ki, “Yelo Bank”ın qanunsuz hərəkətləri nəticəsində “Tovuz Baltiya”ya 1 milyon 162 min 635 manat ziyan vurulub və həmin ziyanın məcburi qaydada tutularaq sahibkara ödənilməsi barədə №2-İQT “81”-110/2013 saylı qətnamə çıxarılır. Həmin qətnamə ilə qanunsuz hərracın nəticələri də ləğv olunur.
Amma “Yelo Bank”ın başbilənləri yenə sakitləşmir, qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verirlər. Prosesin gedişində isə yenə də uduzacaqlarını anlayıb, şikayətin perspektivsizliyini nəzərə alaraq hiyləyə əl atırlar. Bankın İdarə Heyətinin üzvü və hüquq departamentinin rəhbəri Zaur Abıyev sahibkarın ayağına, birbaşa ofisinə gedir. Yalvarır, rəsmi etibarnamə təqdim edir, barışıq təklifinin qəbulunda israr etməklə böyük vədlər verir. Deyir ki, sahibkarın təsisçisi olduğu “Azər-Frans” şirkətinə əvvəldən banka olan müraciəti əsasında yeni üzüm bağının salınması üçün güzəştli kredit ayrılması məsələsi müsbət həll olunacaq. Təki barışığı qəbul edib onu əliboş geri qaytarmasın.

Sahibkarlığa Kömək Milli Fondu xətti ilə ona 10 il müddətinə 3 milyon manat güzəştli kredit ayrılacağını təkrarlayır. Barışıq baş tutsun deyə, “Tovuz Baltiya”nın bütün əmlaklarının girovdan çıxarılacağını və məhkəmə mübahisələrinin dayandırılacağını, şirkətə VİP bank xidmətləri göstəriləcəyini də əlavə edir.
Sahibkarı vədlərinə inandırmaq üçün Zaur Abıyev bildirir ki, barışıq ərizəsini, müqavilələri şəxsən hazırlayacaq və gələcəkdə baş verəcək hər hansı bir uyğunsuzluğa tam zamin dayanacaq.
Sahibkar insaniliyə, Zaur Abıyevin vədlərinə, bankdan ona verilmiş rəsmi etibarnaməyə, ən nəhayət, barışıq təklifinin istənilən məhkəmə çəkişməsindən daha sərfəli olmasını nəzərə alır, ona uzadılan əli sıxır. Qarşıda isə onu böyük nankorluq və saysız-hesabsız məhkəmə iddialarının gözlədiyini ağlına belə gətirmir…
Zaur Abıyev sevincək sahibkarın ofisini tərk edəndən sonra “Yelo Bank” Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə “Tovuz Baltiya”nın icra vərəqi üzrə 173 min 380 manat borcunun sıfırlanması haqda rəsmi məlumat verir.
“Tovuz Baltiya” MMC-nin girovda olan bütün əmlakı yüklülükdən azad edilir. Əvvəlki müraciətini nəzərə alaraq, “Tovuz Baltiya”nın təsisçisi olduğu “Azər-Frans” MMC ilə yeni üzüm bağının salınması üçün 14.11.2013-cü ildə 3 milyon manatlıq əsas kredit müqaviləsi bağlayır. Girov təminatı kimi “Tovuz Baltiya”nın girovdan azad edilmiş mülkləri qoyulur. Bundan sonra Zaur Abıyev sahibkarın rəsmi blankında “Yelo Bank”ı qane edən formada Bakı Apellyasiya Məhkəməsinə məktub hazırlayır. Sahibkarın adına tərtib olunan və Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan məktubla onun “Yelo Bank”a qarşı 1 milyon 162 min 635 manatlıq iddiasından imtina etdiyi yazılır.
“Yelo Bank” Sahibkarlığa Kömək Milli Fondundan vəsaitin gecikməsini bəhanə edərək “Azər-Frans” MMC-yə 3 dəfəyə 863 min manatlıq qısamüddətli, 18 faizli kredit ayırır. Bunun 463 min manatını barışıq razılaşmasına zidd olaraq birbaşa köhnə borclara silir. Borcun sıfır olması, bankın özünün bu barədə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat verməsi də nəzərə alınmır. Sahibkara da deyilir ki, tutulmuş 463 min manat vəsait 3 milyon manat güzəştli kredit verilərkən geri qaytarılacaq.
Bir müddət sonra isə “Yelo Bank” Sahibkarlığa Kömək Milli Fondundan 3 milyonluq kredit ayrılması barədə sahibkara məlumat verir, tələb edir ki, güzəştli kreditin verilməsi üçün 863 min manatlıq kommersiya kreditinin qalıq borcu tam bağlanmalıdır. Sahibkar borc-xərc edərək bu məbləği də tam bağlayır, borc sıfırlanır!
Mərkəzi Bankı Mərkəzləşdirilmiş Kredit Reysterində “Azər Frans”ın kredit borcunun qalığı “0,00” manat, faiz qalığının borcu “0,00” manat, gecikən günlərin sayı “0” gün olduğu əksini tapır, təsdiqlənir.
“Yelo Bank” bu dəfə daha bir absurd tələb irəli sürür: 4 ipoteka müqaviləsi bağlanmalıdır ki, kredit ayrılsın.
Sahibkar 06.12.2013-cü ildə barışıq sazişindən sonra “Yelo Bank”la 9 milyon 36 min 670 manatlıq girov müqaviləsi bağlandığını xatırladır, əlavə ipoteka müqaviləsinin bağlanmasına etiraz edir. Zaur Abıyev müqavilələrin bağlanmasının vacib olduğunu deyir, əks halda güzəştli kreditin ayrılması ilə bağlı problemlərin yaranacağını diqqətə çatdırır. Nəticə etibarilə, 02.06.2014-cü ildə “Yelo Bank”la daha 4 ipoteka və 1 girov müqaviləsi bağlanır.
(Davamı olacaq)Musavat.com































