image-reklam-veteninfo
image-2backend

Real TV-nin əməkdaşından sərt açıqlama: “Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib”

image-reklam-veteninfo

Real TV-nin əməkdaşı, tanınmış jurnalist Mahir Məmmədli, parlamentdə jurnalistlərin qarşılaşdığı məhrumiyyətlərlə bağlı sərt açıqlamalar verib. O, sosial şəbəkə hesabında bu məsələyə münasibət bildirərək, Milli Məclisin plenar və komitə iclaslarında, eləcə də digər tədbirlərdə jurnalistlərin telefonlarının alınmasını qınayıb. Mahir Məmmədli, uzun müddətdir davam edən bu məhdudiyyətin həlli üçün heç bir addım atılmamasına da narazılığını bildirib.

“Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür. Məsələ bundan ibarətdir ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əlindən alınır. Milli Məclisə gələn jurnalistlər oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onların telefonlarını əlindən almaq, fəaliyyətinə mane olmaq deməkdir”, – deyə Mahir Məmmədli qeyd edib.

Jurnalist həmçinin, bu qərarın Milli Məclisin rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə aid olduğunu açıqlayıb. Mahir Məmmədli bildirib ki, telefonların alınması təhlükəsizliklə əlaqəli deyil, çünki jurnalistlər istisna olmaqla, digər bütün şəxslər parlament binasına telefonla daxil ola bilir. “Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdiyi anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmür”, – jurnalist vurğulayıb.

Mahir Məmmədli, bununla yanaşı, xəstəsi olan jurnalistlərin parlamentdəki tədbir boyunca mühafizə postunun yanında növbə çəkərək, gələn xəbərləri qaçırmamağa çalışdığını bildirib. “Təssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüquqları pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar”, – deyə jurnalist qeyd edib.

Mahir Məmmədli, bu məsələnin həlli üçün artıq ciddi addımlar atılmalı olduğunu vurğulayıb və bu cür məhdudiyyətlərin jurnalistlərin peşə fəaliyyətinə maneə yaratdığını bildirib.

image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki