Vətəninfo.az-ın əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəmə şirkəti olan SOCAR Petroleum S.A.-da böyük narazılıqlar fonunda sərt qərarlar qəbul edilib. Şirkət rəhbərliyinin sərt addımı nəticəsində Rumıniya təmsilçisi Ramil Əsədulzadə tutduğu vəzifədən biabırçı şəkildə qovulub.
Əldə etdiyimiz məlumata görə, Ramil Əsədulzadənin rəhbərlik dövründə yol verdiyi ciddi nöqsanlar və uğursuz idarəçilik fonunda yaranan gərginlik şirkət rəhbərliyinin səbrini daşırıb və onun dərhal kənarlaşdırılması ilə nəticələnib.
Onun boşalan kreslosuna isə SOCAR-ın Rumıniyadakı strukturunda uzun illər müxtəlif məsuliyyətli vəzifələrdə çalışmış, təcrübəli kadr Ramin Əliyev gətirilib.
Qeyd edək ki, yeni baş direktor Ramin Əliyev illər ərzində şirkətdaxili pillələri addım-addım qət edib:
2012–2013-cü illərdə Əməliyyatlar və Hesabatlar Meneceri,
2014-cü ildən etibarən Nəzarət Meneceri, 2015-ci ildən isə Baş Əməliyyat Direktoru (COO) vəzifələrində uğurla fəaliyyət göstərib.


























