Xarkov vilayətinin şimal rayonlarında davam edən döyüşlər fonunda rusiyapərəst mənbələr Rusiya Silahlı Qüvvələrinin “Qoptovka” sərhəd-keçid məntəqəsini və Volçansk rayonu ətrafındakı bəzi əraziləri nəzarətə götürdüyünü bildirir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Rus baharı hərbi müxbirləri” adlı Telegram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Belgorod vilayəti ilə sərhəddə, Derhaç rayonunda yerləşən “Qoptovka” keçid məntəqəsi guya Rusiya ordusunun nəzarətindədir.
Lakin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu məlumatların hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyini bildirir. ISW-in açıqlamasında deyilir ki, “Rusiya hərbi bloqerləri Rusiya ordusunun Volçansk şəhərinin şimal-şərqində yerləşən Volçya çayının qərb sahilini nəzarətə götürdüyünü iddia edir”. Bununla belə, bu iddialar hələ də təsdiqlənməyib və ehtimal ki, həqiqətə uyğun deyil.
Bundan əlavə, Rusiyanın Kupyansk şəhərinin şimal hissəsində irəliləməsi ilə bağlı yayılan məlumatlar da doğru çıxmayıb.
ISW qeyd edir ki, avqustun 2-si və 3-də Rusiya qüvvələri Kupyansk ətrafında, o cümlədən Krasnıy Pervıy, Fiğolovka və Kamenka (Kupyanskin şimal-şərqində), həmçinin Qolubovka (şimal istiqamətində) və Stepovaya Novoselovka (şimal-şərq istiqamətində) yaxınlığında Ukrayna ordusunun mövqelərinə hücumlar təşkil edib.