Vətəninfo.az xəbər verir ki, iyulun 23-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirilib. Təxminən 40 dəqiqə davam edən görüşdə tərəflər humanitar məsələlərin həlli sahəsində müəyyən irəliləyiş əldə ediblər.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşdən sonra jurnalistlərə açıqlamasında danışıqların bəzi detalları barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya münaqişənin həlli məqsədilə onlayn formatda fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. RİA Novosti-nin məlumatına əsasən, Ukrayna bu təklifi müzakirə etməyə razılaşıb.
Danışıqlarda həmçinin hərbi əsirlərin mübadiləsi məsələsi gündəmə gəlib. Moskva Kiyevə hər tərəfdən azı 1200 nəfərin qarşılıqlı mübadiləsini təklif edib. Bundan əlavə, Rusiya tərəfi 24 və 48 saatlıq qısamüddətli atəşkəsə hazır olduğunu bildirib. Bu atəşkəs müddəti yaralı və həlak olmuş hərbçilərin təxliyəsi üçün nəzərdə tutulur.
Vladimir Medinski bildirib ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin 3 min ölmüş əsgərinin cəsədini Kiyevə qaytarmağa hazırdır. Bu prosesdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardım göstərəcəyi qeyd olunub.
Danışıqlarda Rusiya nümayəndə heyəti həmçinin Kursk vilayətindən olan, Ukrayna tərəfindən əsir götürülmüş 30-a yaxın mülki şəxsin geri qaytarılmasını tələb edib.
Rusiyalı nümayəndələr vurğulayıblar ki, Rusiya ərazisində Ukraynanın geri qaytarılmasını istədiyi uşaqlar siyahısından heç bir uşaq yoxdur.
Sonda Medinski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yalnız tərəflərin mövqeləri tam şəkildə uzlaşdırılarsa, mümkün ola bilər. O bildirib ki, hazırda münaqişənin nizamlanmasına dair memorandumlarda tərəflərin mövqeləri bir-birindən xeyli uzaqdır.