Rusiya Müdafiə Nazirliyi bildirir ki, dekabrın 3-nə keçən gecə hava hücumundan müdafiə vasitələri tərəfindən guya 102 Ukrayna dronu məhv edilib. Hücumlar nəticəsində Tambov və Voronej vilayətlərindəki neft infrastrukturuna ziyan dəyib.
Vətəninfo.az xəbər verir ki, Tambov vilayətinin qubernatoru Yevgeni Pervışovun məlumatına görə, gecə saatlarında Ukrayna dronları bölgədəki neft bazasına hücum edib. Dronların qalıqlarının düşməsi nəticəsində ərazidə yanğın baş verib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də bölgənin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, dörd dron vurulub, birinin qalıqları isə bir neçə yanacaq rezervuarına yüngül ziyan vurub. Rəsmi məlumatlara əsasən, rezervuarlar alışmayıb.
Rusiya Müdafiə Nazirliyi hücumların genişmiqyaslı olduğunu iddia edir və ümumilikdə 102 Ukrayna dronunun “məhv edildiyini” açıqlayıb.
Rusiyanın neft infrastrukturu ardıcıl hücumlar altında
Son günlər Rusiya neft sənayesi obyektləri bir neçə dəfə dron hücumlarına məruz qalıb. Noyabrın 30-na keçən gecə Slavyansk-na-Kubani şəhərindəki neft emalı zavodu dronların hədəfinə çevrilmiş, qaz kəməri zədələnmişdi. Rostov vilayətində isə hücum nəticəsində bir sənaye obyektində yanğın baş vermiş və qazanxana fəaliyyətini dayandırmışdı.
Bundan əvvəl, noyabrın 28-də Ukraynanın Sea Baby dəniz dronları Qara dənizdə Rusiyanın sanksiya altındakı “kölgə donanması”na məxsus KAIRO və VIRAT neft tankerlərini vurmuşdu. Zərbələrdən sonra hər iki tanker ciddi zədələnmiş və istismardan çıxmışdı.


























